İranın Qarabağ və Zəngəzur Dəhlizi “dərdi”: Tehran nə etmək istəyir?

İranın Qarabağ və Zəngəzur Dəhlizi “dərdi”:
Son zamanlar İran mediası və bu ölkənin rəsmilərinin Azərbaycan-Ermənistan münasibətləri, Zəngəzur Dəhlizi ilə bağlı açıqlamaları intensiv şəkil alıb. JAMAZ.İNFO xəbər verir ki, təkcə son günlər iki tanınmış iranlı siyasətçi bu mövzu ilə bağlı mediaya danışıb.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsin Pakayin “Mehr”ə açıqlamasında deyib ki, Cənubi Qafqazdakı münaqişənin iki əsas aktoru Azərbaycan və Ermənistandır. “Əgər bu iki ölkə bir-birləri qarşısında götürdükləri öhdəlikləri yerinə yetirsələr, digər ölkələr Qafqazda sülh prosesinə böyük təsir göstərə bilməyəcəklər”.

O bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir birilərinin ərazi bütövlüyünü tanıyıblar. “Ona görə də, tərəflər birləşib başqa ölkələrin bölgəyə gəlməsinə bəhanə verməməlidirlər”.

Pakayin daha sonra İranın Qarabağ məsələsinə baxışını da ifadə edib: “İranın mövqeyi ölkələrin ərazi bütövlüyünü tanımaq, beynəlxalq sərhədləri dəyişdirməmək və Qarabağdakı ermənilərin hüquqlarını qorumaqdır”.

Keçmiş səfir ənənəvi olaraq Qərbin bölgəyə gəlməsindən də bəhs edib. “ABŞ kimi ikinci dərəcəli oyunçular iki ölkənin ərazi bütövlüyünü qəbul etməsinə qarşı çıxa bilməzlər. Ona görə də ermənilərin problemini gündəmə gətirirlər. Yəni onlar nə Azərbaycanın, nə də Ermənistanın maraqlarından çıxış etmirlər. Əslində Rusiyanı təcrid etmək üçün bu bəhanə ilə Qafqaza daxil olmaq istəyirlər. Başlıca niyyətləri isə Qafqazı Amerika, Avropa və Rusiya arasında rəqabət və münaqişə yerinə çevirməkdir”.

Pakayin qeyd edib ki, Azərbaycan və Ermənistan müdrikcəsinə düşünür və məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır. “Burada məqasədləri odur ki, regiondankənar ölkələrin olmasına ehtiyac olmasın”.

JAMAZ.İNFO xəbər verir ki, digər bir açıqlamanı isə İran Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Seyid Kamal Xarazi “İSNA”ya verib. O qeyd edib ki, Qarabağ probleminin həlli Qafqazdakı tarazlıqları dəyişdi. “Bundan sonra biz bölgənin digər həssas mövzularını necə həll etmək barədə düşünməliyik”.

Xarazi Azərbaycanı İranın ərazisi kimi təqdim etməkdən də çəkinməyib. O bildirib: “Vaxtilə bu bölgəni öz ərazisi kimi görən İran keçmiş Sovet İttifaqının dağılmasından sonra şərtləri qəbul edərək, hər zaman xeyirxah bir ata kimi bu bölgədə baş verən proseslərə, xüsusən də coğrafiyanın dəyişməsinə həssaslıqla yanaşıb”.

Mərkəz rəhbəri hətta o iddiada da bulunub ki, 90-cı illərdə İran Azərbaycana silah-sursat verməyi də təklif edib. “İran hətta Azərbaycanın keçmiş prezidenti rəhmətlik Heydər Əliyevə Qarabağı azad etmək üçün silah-sursatla yardım etməyi təklif etmişdi”.

Xərazi Zəngəzur Dəhlizi ilə bağlı fikirlərini də bölüşüb. “Azərbaycan Zəngəzur Dəhlizinin işə düşməsində təklif edirdi ki, Naxçıvanla əlaqə maneəsiz olsun. Bunun əvəzində Laçın dəhlizini alternativ kimi göstərirdi. Lakin Qarabağ məsələsi həll olunub və Laçın dəhlizinin heç bir əhəmiyyəti qalmayıb. Yəni, paralel olaraq Zəngəzur Dəhlizinə də gərək qalmayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...