2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərt qoyub - KİV
"ATA" Alyansının prezidentliyə namizədi Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 2 milyon 829 min 634 seçicinin səsini qazanaraq (5,17 faiz) hazırda seçki nəticələrinə birbaşa təsir edəcək vəziyyətdədir. Ona səs verən seçicilərin iki namizəd arasından hansını seçəcəkləri maraq doğurur. Oğan da bu qərarı vermək üçün müxtəlif məsləhətləşmələr aparmağa qərar verib.
GUNDEMİNFO.AZ "Hürriyət"ə istinadən xəbər verir ki, Oğan 2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərt müəyyən edib.
KİV yazır ki, Oğan dəstəkləyəcəyi namizəddən bu şərtləri qarşılamasını tələb edəcək:
- Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi,
- 66-cı maddədə yer alan türklüyün Konstitusiyadan çıxarılması cəhdinə qarşı sərt mövqe sərgiləmək,
- 13 milyon miqrantın ölkələrinə dönməsini təmin etmək,
- Son iqtisadi böhranın əsas səbəbləri olan faiz, inflyasiya, nəticə spiralından xilas olmaq,
- Terror təşkilatlarından və onların siyasi strukturlarından uzaqlıq.
Dünən jurnalistlərə açıqlama verən Oğan istədiyi bütün hədəflərə çatdığını bildirib:
"Bundan sonra Türkiyənin böhrana, siyasi qarışıqlığa girməməsi üçün bütün məsuliyyəti öz üzərimizə götürəcəyik. Bu gün mən həm "ATA" Alyansının komponentlərini, həm də birlikdə gəzdiyim yoldaşlarımı görüşə dəvət etdim. Birgə məsləhətləşmə görüşü keçirəcəyik. Ən qısa zamanda bir nəticəyə gələcəyik. Bu nəticə Sinan Oğanın deyil, ümumi qərar olacaq. Sövdələşmə aparacağımız kimi söz-söhbətlər yayılır, yalandır".
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilmədiyi üçün mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Seçki hazırkı Prezident və “Cumhur” alyansının namizədi Rəcəb Tayyib Ərdoğan və müxalif “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu arasında baş tutacaq.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərin ilk turunda Ərdoğan 49,51, Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.
478 dəfə oxundu