“İrəvanın öz namizədi var, onu Vardanyanın yerinə gətirmək istəyir”
“Ruben Vardanyanın Qarabağdakı yataqları talamağa cəhd etməsindən qabaq Azərbaycan tərəfinin Qarabağda
yaşayan erməni icmasının rəhbərləri ilə danışıqlarının olması haqqında məlumat var idi. Hətta bu prosesdə müəyyən irəliləyiş də mövcud idi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, separatçı qurumun “dövlət naziri” Ruben Vardanyanın yaxın günlərdə istefa verəcəyi ilə bağlı iddialara münasibət bildirib.
N. Şəfiyevə görə, Vardanyanın Qarabağa gəlişi və onun vasitəsi ilə həyata keçirilən siyasət bu prosesin, yəni bölgə əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını alıb:
“Bu inteqrasiya baş verməsə, Qarabağdakı vəziyyətin sabitləşdirilməsinin bir yolu qalır: bölgəni separatçılardan təmizləmək. Ona da Azərbaycan getmir, eləcə də beynəlxalq ictimaiyyət buna pis reaksiya verə bilər.
Mənə elə gəlir ki, Qarabağda erməni icması ilə danışıqlar bərpa olunacaq və Azərbaycan öz yurisdiksiyasını Qarabağ üzərində bərpa edəcək. Amma dəqiq deyə bilmərik ki, Qərb razılıq verib, Rusiya yox, ya da tam əksinə. Qarabağda Azərbaycan yurisdiksiyasının bərpası isə Azərbaycan və Ermənistan rəhbərliyinin razılaşdığı məsələdir. Hər iki tərəf bunu istəyir.
Ermənistan rəhbərliyi Vardanyanın uzaqlaşdırılmasını və Araik Arutyunyanın möhkəmlənməsinin tərəfdarıdır. İrəvanın öz namizədi var, onu Vardanyanın yerinə gətirmək istəyirlər. Ola bilsin ki, separatçıların “baş prokuror”u Qurgen Nersisyan həmin namizəddir”.
Müsahibimiz düşünür ki, son nəticədə Azərbaycandan Naxçıvana gedən yol açılacaq:
"Azərbaycana keçən yerdə Azərbaycan gömrükçüləri dayanmalı, eyni zamanda da Naxçıvana gedən yolda da giriş-çıxışlarda erməni gömrükçüləri və sərhədçiləri dayanacaq. Bundan sonra yol açılacaq və azərbaycanlılar rahat şəkildə Naxçıvana gedib-gələcəklər. Bundan başqa, Azərbaycan vətəndaşları olan Qarabağ erməniləri də həmin yol ilə Ermənistana gedib-gələcəklər. Lakin Azərbaycanın gömrük postlarından keçmək şərtilə...”
484 dəfə oxundu