Azərbaycanda 10 manatlıq pul nişanları yenilənib
Azərbaycan Mərkəzi Bankı (AMB) 10 manatlıq pul nişanlarını yeniləyib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, “Tarix” mövzusuna həsr olunan 10 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yeni pul nişanları iyunun 22-dən tədavülə buraxılacaq.
Yenilənmiş 10 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq edilib.
Yenilənmiş 10 manatlıq pul nişanının istehsalı artıq başa çatdığından, onların AMB-nin keçmiş sədrinin imzası əks olunub.
Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemlərinin və avadanlıqlarının yenilənmiş 10 manatlıq pul nişanına uyğunlaşdırılması gedir. Yeni pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
835 dəfə oxundu