“Gərginlik artsa, buradakı azərbaycanlılar şəhərin müdafiəsinə qalxacaqlar” - Ukraynadakı soydaşımız
“Ukraynanın Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır. Burada vəziyyət çox gərgindir”.
Bu barədə Oxu.Az-a Ukrayna Azərbaycanlıları Radasının Nikolayevdəki nümayəndəsi Adil Babayev məlumat verib.
O bildirib ki, burada yaşayanların 80 faizi 18-65 yaş qrupuna aid olan həmvətənlərimizdir:
“Biz burada vəziyyətin gərginliyini görürük. Vəziyyətə uyğun olaraq, Ukrayna prezidentinin müraciətinə əsasən 18 yaşından 60 yaşa qədər olan vətəndaşlara şəhərin müdafiəsi üçün silahlar paylanılır. Hazırda burada olan 100-ə yaxın azərbaycanlı qərara gəlib ki, şəhərdə ciddi təhlükə yaranarsa, azərbaycanlılar da silaha bürünüb Nikolayev şəhərinin müdafiəsinə qalxacaqlar. Bu dəqiqə üçün gərginlik olsa da, digər şəhərlərlə müqayisədə vəziyyət qənaətbəxşdir. Şəhər yarımadada yerləşdiyi üçün müdafiə mövqeyi seçmək əlverişlidir.
Qonşu şəhər Odessa ilə bizi ayıran körpü var. Dünən həmin körpü açılmalı idi. Yəni, bu şəhərdə yaşayan azərbaycanlılar şəhərin müdafiəsinə qoşulmağa hazırdır. Bu barədə yerli müdafiə orqanlarının hər birinə məlumat vermişik, dəstək veririk. Azərbaycanlılar tez-tez öz aralarında da sıx əlaqə saxlayır. Vəziyyət nəzarət altındadır. Vəziyyət gərginləşərsə, gedişatdan asılı olaraq Ukrayna xalqı kimi biz də şəhəri müdafiə edəcəyik. Biz Ukrayna xalqını dəstəkləyirik, burada yaşayan azərbaycanlılar da Ukrayna xalqının bir hissəsidir”.
736 dəfə oxundu