“Oğlumun toyundan böhtan yazanları məhkəməyə verəcəm” - Deputat Rafiq Məmmədhəsənov

“Oğlumun toyundan böhtan yazanları məhkəməyə verəcəm” -


Sosial şəbəkələrdə, ardınca isə bəzi saytlarda Milli Məclisin deputatı Rafiq Məmmədhəsənovun oğlunun toyu ilə bağlı geniş müzakirələr açılıb.

İddia edilir ki, bəylə gəlin yalnız toyun əsas qonağı - Milli Məclisin spikeri Oqtay Əsədov məclisə təşrif buyurduqdan sonra şadlıq evinə gəliblər. Bildirilir ki, mərasimə vaxtından xeyli gec gələn O.Əsədov onu gözlədiklərinə görə Rafiq Məmmədhəsənovu hətta qınayıb.

Deputat Rafiq Məmmədhəsənovun hərəkəti sosial şəbəkələrdə yaltaqlıq kimi qiymətləndirilib. Açılan müzakirələrdə ciddi qınaq obyekti olub.


Modern.az məsələ ilə bağlı deputat Rafiq Məmmədhəsənovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, övladının toyu barədə yazılanlar başdan-ayağa şər-böhtandır.

"Birincisi onu qeyd etməliyəm toy məsələsi hər kəsin şəxsi işidir. Şəxsi işə müdaxilə etmək, onu sosial şəbəkədə paylaşmaq ən azından etik deyil. Hesab edirəm ki, azca normal düşüncəsi olan kəs belə iyrənc addım atmaz. Bu, məsələnin bir tərəfi.
Digər tərəfdən isə deyə bilərəm ki, mənim övladımın toy şənliyinə qonaqlar saat 19:00 üçün dəvət edilmişdi. Biz saat 19:00- 20:00 arasında qonaqları qarşıladıq. Saat 20:00-da isə toy məclisi başladı. Çünki saat 7-ə dəvət olunan qonaqların çoxu saat 8-ə yaxın toya gəldilər. Burada qeyri-adi bir şey görmürəm. Sadəcə, bunun belə şişirdilməsini anlamaq çətindir.

Diqqət etsəniz, əslində bütün toylarda insanları saat 6-ya dəvət edirlər, amma hamı 7-də toya gəlib çıxa bilir. İşdən çıxmaq, yollarda tıxaca düşmək və s. kimi məsələlər var. Məgər burada yeni bir şey var ki...”.


Deputat bəylə gəlinin 2 saatdan çox maşında oturub gözləməsi iddiasına da aydınlıq gətirib.

"Əvvəla bəylə gəlin maşında oturub gözləməyib. Restoranda bəylə gəlin üçün xüsusi yer ayrılır. Bizim övladlar da orada gözlədilər. Toy da vaxtında başladı”.

Rayondan gələn qonaqların ortada qalmasına gəlincə, deputat bildirib ki, rayonlarda yaşayan qohum-əqrəbaya əziyyət verməmək üçün onları toya dəvət etməyib:


"Uzaq yerdə yaşayan tanışları, qohumları toya dəvət etməmişəm. Bu da onlara əziyyət verməməyimlə bağlıdır. Çünki onlar rayondan Bakıya toya gəlmək üçün bir gün gəlməyə, bir gün də geri dönməyə vaxt sərf etməldirlər”.

Rafiq Məmmədhəsənov spiker Oqtay Əsədovla bağlı yayılan məsələyə də münasibət bildirib.

"Mənim az yaşım yoxdur. Məni hər kəs yaxşı tanıyır. Xarakterimdə kiməsə yaltaqlanmaq yoxdur və bundan sonra da olmayacaq. Bu məsələ mənə qarşı yanlış, böhtan, sifariş dolu ittihamdır. Ona görə sifariş olduğunu deyirəm ki, bu məlumat niyə toydan bir ay keçəndən sonra yanlış şəkildə ortaya çıxarılıb. Deməli, bu, sifarişdir. Hesab edirəm ki, toy hər kəsin şəxsi işidir. Saat 5-də də, 3-də də, 11-də də başlaya bilər. Belə bir qayda yoxdur ki, mütləq filan vaxtda toy başlasın. Təəssüf ki, insanların şəxsi işinə bu cür yanaşanlar, insanların şəxsi işinə belə müdaxilə edənlər var.

Belə jurnalistlərin Azərbaycanda olmasına görə təəssüf hissi keçirirəm. Ən azından mənimlə əlaqə saxlayıb bu informasiyanın doğru, yalan olduğunu dəqiqləşdirə bilərdilər. Deputat nüfuzuma, şərəf və ləyaqətimə toxunulduğuna görə, bu böhtanı yayanları, sifarişi yerinə yetirinləri məhkəməyə verəcəm..”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
835 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...