Piyadanı vurub öldürərək hadisə yerindən qaçmış sürücü həbs edilib
Sentyabrın 17-də saat 23 radələrində Xırdalan şəhəri ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes Benz” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Ağayeva Səmayə Sabir qızını vuraraq hərəkət zolağının qarşı tərəfinə çıxıb “Ford” markalı 99-HP-526 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən qaçıb, piyada isə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fakta görə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1990-cı il təvəllüdlü, Binəqədi rayon sakini Ruzpeykar Orxan Rüfət oğlu tərəfindən ona məxsus ”Mersedes Benz E 240” markalı 90 CP 033 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi müəyyən edilib və o, sentyabrın 20-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
O. Ruzpeykar iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
961 dəfə oxundu