"Zəncir vurmaq, qan çıxarmaq şəriətə uyğun deyil" QMİ-dən Aşura FƏTFASI
Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə əlaqdar fətfa verib.
Lent.az-ın İdarənin saytına istinadən xəbərinə görə, fətvafa deyilir: "Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin nəsillərin yaddaşında əbədi yaşaması, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də dindarlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı, Peyğəmbər nəvəsinin iman, mənəviyyatın saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə fədakarlıq və dəyanət örnəyi olmalıdır. Məhərrəm ayının 10-u – Aşura günü 2016-cı il oktyabr ayının 12-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn (ə) əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik".
Qazılar Şurası xatırladıb ki, mövcud qanunvericiliyə əsasən Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl - örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Bundan əlavə, din xadimlərimiz öz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri və Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Vətən şəhidlərinin fədakarlıq nümunəsini də təbliğ etməlidirlər. Moizə və xütbələrdə dindarlara erməni ekstremistləri tərəfindən zəbt olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı Ali Baş Komandanın əmrinə hər an hazır olmaq mətləbi təlqin edilməli, İmam Hüseynin (ə) fədakarlıq nümunəsinin mənəvi əhəmiyyəti bu baxımdan ilham mənbəyi kimi xüsusi vurğulanmalıdır. Din xadimlərimiz moizələrində dindarları daima Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa çağırmalıdırlar".
Fətfada bildirilib ki, din xadimləri ölkəmizdə mövcud sabitliyin pozulması, məzhəbi müstəvidə qarşıdurma yaradılması məqsədilə din adından siyasi alət kimi istifadə edən bəzi qüvvələrə qarşı ayıq-sayıq olmalıdırlar: "Konstitusion quruluşun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, din adından sui-istifadə edərək vətəndaşların hakimiyyətə qarşı siyasi mübarizəyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki bir daha qətiyyətlə pisləyir və hesab edirik ki, Allahın Lütfü ilə, qüdrətli dövlətimiz və müdrik xalqımız belə əməllərə hər an layiqli cavab verməyə qadirdir. Milli-mənəvi, dini dəyərlərimizin qarantı olan dövlətçiliyimizə qarşı dini zəmində çağırışlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin bu yaxınlarda etdiyi müraciətdə əksini tapan məsələlərə din xadimlərimiz xüsusi diqqət yetirməli, İmam Hüseyn (ə) təziyədarlığından və digər dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verməməlidirlər".
1660 dəfə oxundu