Fuad Qəhrəmanlının həbs müddəti yenidən artırıldı
Nardaran hadisələrində dövlət əleyhinə çağırış etməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti yenidən artırılıb.
Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehtiyev məlumat verib. Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının Fuad Qəhrəmanlının həbs müddətinin artırılması ilə bağlı verdiyi vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə F.Qəhrəmanlının barəsindəki həbs qətimkan tədbiri daha 1 ay uzadılıb.
Xatırladaq ki, F.Qəhrəmanlı ötən il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
883 dəfə oxundu