Sel Tovuzu dağıtdı - FOTOLAR
"Ölən yaxınımızı belə dəfn edə bilimirik".Ötən gün yağan güclü yağış Tovuza da ziyan vurub. İntensiv yağışın yaratdığı sel suları üç kəndi birləşdirən körpünü aparıb. ANS PRESS-in məlumatına görə, söhbət Tovuzun Gədəbəylə sərhəd olan kəndlərindən - Ağbaşlar, Lazılar və Almalıtaladan gedir. Kənd sakinlərinin sözlərinə görə, sel körpünü uçurduğundan kənd sakinlərinin bəziləri körpünün bu tərəfi, bəziləri isə o biri tərəfində qalıblar. "Mal-qaramızı sel aparıb. Ölənimiz var, amma sel onu dəfn etməyə imkan vermir", - deyə kənd sakini Rafael Bayramov bildirib.
GUNDEMİNFO.AZ yazır ki, Tovuz Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənov ANS PRESS-ə açıqlamasında selin Tovuz rayonunun bütün dağ kəndlərini bərbad vəziyyətə qoyduğunu deyib. Daşqınlar hətta Günəbaxan kəndində bir sakinin evini də aparıb. "Kəndlərdə vətəndaşlar tərəfindən tikilmiş bütün körpüləri sel aparıb. Amma dövlətin tikdiyi körpülər yerindədir. Bundan başqa, qaza, işığa, arteziana, suvarma sistemlərinə böyük ziyan dəyib. İşıq idarəsindən 8-10 dirəyi, bir neçə transformatoru sel aparıb. Kəndlərə dəyən ziyan tərəfimizdən araşdırılır. Həmin ərazidə aidiyyəti qurumlar işləyir".
Sel nəticəsində uçan körpü
Ötən gündən başlayan yağışlar nəticəsində Gədəbəy rayonunda insan ölümü də qeydə alınıb. 32 yaşlı Gədəbəy sakini Osman Rzayev meşədən qayıdarkən çaya yıxılıb və sel onu aparıb.
Gecə saatlarında kənd sakinləri onun meyitini hadisə yerindən 3 km aralıda aşkar ediblər. Ümumilikdə isə sel və daşqın əraziyə ciddi ziyan vurub. Hələlik yerli sakinlər özləri fəsadları aradan qaldırmağa çalışırlar. Sakinlərin təsərrüfatına da ciddi ziyan dəyib, mal-qara məhv olub. Hazırda Gədəbəydə hava durumu normaldır, yağmursuzdur.
1312 dəfə oxundu