Qadınlar arasında dəb halını almış silikonlaşmanın qoxrunc zərərləri
Son illərdə qadınlar arasında bədənşəkilləndirmə, silikon taxdırmaq dəb halını alıb. Xanımların bir çoxu gözəlləşmək üçün sağlamlığını gözardı edərək bəzən ağır xəstəliklərlə mübarizə aparmalı olurlar. Xüsusilə də silikon implantı qadınlar sinələrinə qoydururlar.
Maraqlıdır, bədənə qoyulan bu yad cisim, yəni silikon implant insan sağlamlığına hansı zərərləri vura bilər?
Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, fillerlərin (dolğu) bir qrupu hialuron turşusu əsaslıdır və orqanizmə ziyan vurmur:
"Çünki hialuron turşusu özü orqanizmdə istehsal olunur. Bunlar xüsusən üz qırışlarının açılması məqsədilə işlənir. Bir qrup filler isə augmentasiya məqsədilə işlənir, yəni böyütmək xarakteri daşıyır. Süd vəzilərini, baldırları, bədənin digər hissələrini bu üsulla böyüdürlər”.
A.Qeybulla qeyd edib ki, silikon implantlar ABŞ-da tam qeydiyyatdan keçməyib, amma istehsal var və tətbiq edilir:
"Bunların üzəri xüsusi materialla örtülü olur, indeferentdir və silikon həmin materialın içində olur. Yəni bu materialın hansısa xərçəng şişi yaratmaq kimi qabiliyyəti sübut olunmayıb, sadəcə olaraq müxtəlif fəsadlar yarada bilirlər. Yəni yerindən sürüşə, kapisulyar kontraktura verə bilirlər və s.”.
Həkim-terapevt Zakir Quliyev isə bildirib ki, dolğular tibb təhsili olan kosmetoloqlar tərəfindən həyata keçirilməlidir:
"Çünki tibb təhsili almayan kosmetoloqlar tərəfindən edilən dolğular çox böyük fəsadlara səbəb ola bilər. Gellər təbii və süni olmaqla iki cür olur. Təbii gellərin üstünlüyü ondadır ki, bədən onu yad cisim kimi qəbul etmir və istifadə ediləndə orqanizm ona reaksiya göstərmir”.
Z.Quliyev onu da qeyd edib ki, süni gelləri bədən yad və təhlükəli cisim kimi qəbul edir və bu, böyük problemlərə yol açır:
"Silikon implantın tərkibindəki gel insan toxumasına sızdıqda sovrulmur və bir sıra ağırlaşmaların meydana gəlməsinə səbəb olur. Taxıldığı yer infeksiyalaşarsa, bu bəzən bütün bədənə yayıla və sepsisə gətirib çıxara bilər. Eyni zamanda silikon allergik reaksiya, anafilaktik şok, hətta xərçəngə səbəb ola bilir”.
366 dəfə oxundu