İlham Əliyev ali məktəb müəlliminə maşın bağışladı FOTO
Bakı Ali Neft Məktəbinin (BANM) müəllimi Pyotr Anatolyeviç Kuvşinova bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən avtomobil hədiyyə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial şəbəkədə məlumat verib.
Rektorun sözlərinə görə, BANM-da idman (üzgüçülük) müəllimi işləyən Pyotr Kuvşinov I Qarabağ müharibəsinin iştirakçısıdır:
"O, 1992-ci illərdə Qarabağ uğrunda müharibəyə könüllü olaraq qoşulub. 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşub. Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşub və iki dəfə ağır yaralanıb.
Ağır yaralandıqdan sonra ordudan tərxis olunan Pyotr müəllim bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. Bəlkə də, bu gün onun mübarizə apardığı və qalib gəldiyi amansız xərçəng xəstəliyinin də səbəbi o qəlpələrdir.
Bütün kollektivmiz, müəllim və tələbələrimiz Pyotr Anatolyeviçi çox sevir. Ona hamımız Pyotr müəllim deyə müraciət edirik”.
Rektor xatırladıb ki, Pyotr müəllim 70-80-ci illərin məşhur üzgüçü-idmançılardan olub.
"Elə buna görə də, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının məşqçisi kimi uğurla iştirak edib və sertifikatlara da layiq görülüb. Pyotr müəllim eyni zamanda, gözəl insan, qayğıkeş pedaqoq, ən əsası əsl azərbaycanlı və vətənpərvər şəxsiyyətdir.
Adından da göründüyü kimi, Pyotr müəllim slavyan əsillidir. Bu baxımdan, hər kəs onunla rus dilində danışmağa cəhd edir.
Fərəhləndirici hal bilirsiz nədir? O hər kəsə dərhal və səlis formada Azərbaycan dilində cavab verir. Azərbaycanlı rus dilində danışarkən Pyotr müəllim onlarla azərbaycanca danışmaqla sübut edir ki, əsl millət və vətən oğlu kimdir.
Bir müddət əvvəl Pyotr müəllim dənizdə üzərkən, batmaqda olan ana və övladı real ölümdən xilas etmişdi.
Hesab edirəm ki, Pyotr müəllim həm əsgər olaraq, həm müəllim olaraq Azərbaycan qarşısında bütün borclarını yerinə yetirib.
Bizim borcumuz isə bundan ibarətdir ki, belə şəxsiyyətlərə sağlığında qiymət verək, qayğı göstərək və hörmət edək”.
284 dəfə oxundu