İcra başçısı şəhidin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun Seydimli kəndində şəhid Məmmədov Raquf Aslan oğlunun ailəsini ziyarət edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd olunub ki, Məmmədov Raqif Aslan oğlu 1963-cü il dekabr ayının 27-də Tərtər rayonunun Seydimli kəndində anadan olub. Orta təhsilini həmin kənd tam orta məktəbində aldıqdan sonra 1982-1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. O, sürücülük peşəsinə yiyələndikdən sonra yaşadığı N.Nərimanov adına kolxozda sürücü işləyib. Qarabağ uğrunda müharibənin şiddətləndiyi bir vaxtda, 1993-cü ilin noyabr ayının 7-də rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1993-cü il dekabr ayının 30-da Akop-Kamari kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Evli idi. Aygün adlı bir qızı, Ceyhun adlı bir oğlu var. Seydimli kənd qəbiristanlığında dəfn olunub.
Ailəsi Tərtər rayonunun Seydimli kəndində yaşayır.
Şəhidin ailə üzvləri Raqufla bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki canlarından keçdiyi Vətən torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün respublika Prezidenti işğaldan azad edilmiş ərazilərdə-Ağdərədə, Xankəndində, Xocalıda, Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası alınıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!
398 dəfə oxundu