Novella Cəfəroğlu: “Olympus park” şirkətinin rəhbəri kim olur-olsun, camaatın istəyini yerinə yetirməlidir

Novella Cəfəroğlu: “Olympus park” şirkətinin rəhbəri kim olur-olsun, camaatın istəyini yerinə yetirməlidir
“Olympus park” şirkətinin rəhbəri kim olur-olsun, camaatın istəyini yerinə yetirməlidir. Birinin 32 kvadratmetr birotaqlı evi varsa, ona kvadratmetrini 1000 manatdan verəndə, təbii ki, vətəndaş o pula ev ala bilməz. Sakinləri normal ev-eşiklə təmin etməlidirlər. Elə işləməlidirlər ki, camaat arasında narazılıq olmasın. Görürsünüz ki, hər tərəfimiz düşməndir, Azərbaycana hər tərəfdən təzyiq var. Ermənistan, İran çalışır ki, Azərbaycanı məhv etsin. Belə həssas zamanda daxildəki insanları razı salmaq lazımdır. Artıq məmurlar bunu başa düşsünlər. Hər şeyi Prezidentin üstünə atmasınlar. Baxın görün Prezident Azərbaycana xaricdən gələn təzyiqlərin qarşısını almaq üçün nə qədər çalışır. Heç olmazsa siz məmurlar daxildəki məsələləri tənzimləməyə çalışın”.

Bu sözləri Pravda.az-a Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Olympus Park” şirkəti barədə vətəndaşların çoxsaylı şikayətlərinin olmasından danışarkən deyib.

N.Cəfəroğlu bildirib ki, “Facebook”da xeyli sayda insan tikinti şirkətlərindən şikayət edir: “Evlərinin onlardan xəbərsiz sökülməsi ilə bağlı görüntüləri paylaşır, onlara kompensasiya verilmədiyini də deyirlər. Şikayəti olan vətəndaşlar ən birinci yerli icra hakimiyyətinə, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidirlər. Milli Hüquq Evinə də ərizələrini versinlər. Qadın Hüquqları Müdafiə Cəmiyyətinin İnsan Haqları Monitorinq Qrupuna da müraciət edə bilərlər. Biz bu işlə məşğul ola, onlara köməklik edə, istəklərini hara lazımdırsa, çatdıra bilərik. Bu, artıq adi hal alıb. Biz İsraildə Təl-Əvivdə olanda şəhərin ortasında yanında kiçik həyətyanı sahəsi olan balaca daxma evin sahibi dövlətdən 3 milyon dollar istəyirdi. Hökumət evin sahibinə istədiyi məbləği vermirdi, buna görə də 3 il o evə yaxın düşə bilmədilər. 3 il sonra ora gedəndə gördük ki, artıq həmin ev sökülüb. Bizə məlumat verdilər ki, nəticədə vətəndaşa tələb etdiyi məbləğ verilib. Hər bir dövlətdə, hətta İran kimi xoşagəlməz dövlətdə siyasi motivlə həbs edilənlərin belə evlərinə, torpaqlarına heç kim toxuna bilmir. Hələ Sovet hökuməti vaxtında atamın qohumları onu axtarıb tapmışdılar, atama çatacaq mirası ona təqdim etmişdilər. Tikinti şirkətləri qaydalara əməl etməlidir. Ekspertlər çağırılmalıdır. Həm polis, həm prokurorluq, həm icra hakimiyyəti - hamısı evlərin sökülməsinə cavabdehdirlər. Kiçik məmurların özlərini belə aparmaları Azərbaycan hökumətini gözdən salır. Vətəndaşlar birbaşa Prezidentə, parlamentə, yerləşdikləri rayonun deputatına müraciət etsinlər. Məsələni ictimailəşdirsinlər, mətbuata versinlər. Bütün bunlar məsələnin həlli üçün çox vacibdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
721 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...