İşdən çıxarılan baxça rəhbərləri kimlərdir? - adları niyə gizli saxlanılır?
Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində işdən çıxarılan müdirlərin kimliklərini açıqlamaqdan imtina edib.
Qaynarinfo vəzifələrindən azad edilən və yeni təyin olunan müdirlərin ad-soyadları, işlədikləri bağçalar üzrə siyahı ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən verilən cavab belə olub:
"Hörmətli həmkar, məlumatın konfidensiallığının təmin edilməsi məqsədilə istədiyiniz məlumatların təqdim edilməsi qanunamüvafiq hesab edilmir. Məlumat üçün bildiririk ki, bağçalarda mütəmadi monitorinqlər aparılır və nəticəsinə əsasən indiyədək 150-yə yaxın bağça müdirinin müxtəlif səbəblərdən işinə xitam verilib. Bu barədə ictimaiyyətə mütəmadi olaraq müəyyən məlumatlar təqdim edilir".
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən dövlət uşaq bağçalarında xeyli sayda məmurun həyat yoldaşı, övladı və yaxınları müdir vəzifəsində çalışır.
Hətta kəndin 200-dək sakininin adına kredit götən, İcra Hakimiyyətində vəzifədə çalışan kürəkəninin adından da istifadə edərək bu borcu ödəməyən bağça müdiri belə olub.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sabiq rəisi Eldar Yunusov öz vəzifə səlahiyyətlərindən istifadə edərək qızı Fəridə Yunusovanı 266 saylı körpələr evi-uşaq bağçasının müdiri təyin edib.
Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova 175 saylı körpələr evi-uşaq bağçasının müdiridir. Bu siyahısını daha da böyütmək mümkündür.
Görünən odur ki, vəzifəli şəxslərin yaxınlarının hələ də uşaq bağçalarının müdiri vəzifəsindən azad edilə bilməməsi səbəbindən Elm və Təhsil Nazirliyi 150-yə yaxın müxtəlif səbəblərdən işinə xitam verilən bağça müdirinin adını açıqlamaqdan imtina edir.
Xatırladaq ki, ötən ilin yanvar ayında dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
452 dəfə oxundu