Sumqayıt Abşeron, Qubadlı müəllimlərinin 99,04 faizi imtahan verdi
Sumqayıt şəhərinin, eləcə də Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində müəllimlərin 99,04 faizi iştirak edib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 16-20 dekabrda keçirilən imtahanda 9000-ə yaxın müəllim iştirak edib.
İmtahanlar bitdikdən sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
Diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri kimi əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak ediblər.
Növbəti diaqnostik qiymətləndirmə 24-26 dekabr tarixlərində Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanlarda Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan 3500-dən artıq müəllimin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək.
1172 dəfə oxundu