Tərcümə Mərkəzi “Mir” telekanalının rəhbərliyinə etiraz məktubu ünvanlayıb
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Mir” telekanalının direktoru Yekaterina Abramovaya və “Mir” DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb.
Məktubda “Mir” televiziya kanalının “180 минут новостей на завтрак” proqramında dünyanın ən gözəl metro stansiyası qismində təqdim olunan Bakının “Nizami” metro stansiyasının “dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metro stansiyası”, stansiyanın arxitektoru - Azərbaycanın xalq memarı Mikayıl Hüseynovun isə “görkəmli sovet memarı” kimi təqdim olunması kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayğısızlığının bariz nümunəsi qiymətləndirilir: “Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub, bütün ömrünü burada yaşayaraq yazıb-yaradıb, 1209-cu ildə orada da vəfat edib. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə “sovet memarı” kimi təqdim olunan Mikayıl Hüseynov - tanınmış Azərbaycan memarıdır. Məlumat mətnində “Azərbaycan” adının bu sayaq “səliqə ilə” ört-basdır edilməsi, “Мир” (Dünya) adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik” .
1119 dəfə oxundu