Sabirabadda “Yaşıl dağ” - FOTOLAR
6 noyabr 2015-ci il tarixində IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Azersun Holding" MMC-nin birgə təşkilatçılığı ilə Sabirabad “ASAN xidmət” mərkəzində kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” sosial aksiyası keçirilib. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Sabirabad “ASAN xidmət” mərkəzinin direktoru Elvin Cəfərov aksiyanın mahiyyətindən və əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial məsuliyyəti anlayan insanların kağız tullantıların bir yerə toplanması ilə yaradılan simvolik dağ “yaşıl” gələcək üçün çağırışdır.
Aksiyada Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarının icra nümayəndələri və sakinləri iştirak ediblər. Layihə çərçivəsində 70 tondan çox kağız tullantısı toplanılıb və aksiyada fəal iştirakına görə fərqlənən icra nümayəndələri diplomla təltif olunub.
Qeyd edək ki, “Hər kağızı bir yarpağa dəyişək” layihəsinin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Layihə, həmçinin ətraf mühitin çirklənməsinin qarşısını almaq və tullantıların düzgün idarə olunmasını təşviq etməyi hədəfləyir. Eyni zamanda, layihəyə dəstək məqsədilə “ASAN xidmət” mərkəzlərində ASAN Könüllüləri tərəfindən “Yaşıl ASAN” təşəbbüsü irəli sürülüb və yüzlərlə gənc bu təşəbbüsün iştirakçısına çevrilibdir.
2603 dəfə oxundu