Azərbaycanın məşhur falçısı tövbə etdi: "Daha yorulmuşam"
Dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qərar layihəsi hazırlanır. Komitə sədri Mübariz Qurbanlı belə deyib.
Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını bildirən M.Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”. Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.
Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının falçılıqla bağlı qadağasına münasibət bildirib. Maraqlıdır ki, Y.Zeynalova Modern.az saytına açıqlamasında Mübariz Qurbanlını dəstəkləyib:
“Quranla fala baxanlar, dualar yazanların fəaliyyəti qadağan olunmalıdır. Çünki, həqiqətən də Quranda cadu, baxıcılıq yoxdur. Olmayıb, olmayacaq da. 100 dəfə dua yazırlar, olur ki, 1 dəfə tutur. Məşhur televiziya rəhbəri var, (baxıcı adını çəksə də, biz yazmağa lüzum görmədik-red.) onun atası da falçılıqla məşğul olub. Mən görməmişəm, amma camaatın dediyini deyirəm”. Baxıcı deyib ki, artıq bu işlərlə məşğul olmur:
“Mən Həcc ziyarətinə hazırlaşıram. Gedib-gələndən sonra tövbə edəcəm. Daha baxıcılıqdan yorulmuşam. İndi qoy Zirəddin cavab versin belə məsələlərə. Mən tövbə eləmişəm”.
1152 dəfə oxundu