Rasim Əliyevin ata-anası prezidentdən kömək istədi
Mərhum jurnalist Rasim Əliyevin valideynləri Məmmədəli və Teyfurə Əliyevlər dövlət başçısına müraciət ediblər. Müraciətin bir nüsxəsi virtualaz.org saytına təqdim olunub. Mərhumun valideynləri ölkə başçısına ünvaladıqları müraciətdə istintaqın gedişindən narazı olduqlarını bildiriblər. Müraciətdə deyilir ki, Bakı Şəhər Prokurorluğu jurnalistin döyülməsində şübhəli bilinən bir qrup şəxsi saxlayıb, onların barəsində həbs-qətimkan tədbiri seçilib:“Bizim oğlumuz Rasim Əliyev 8 avqust, 2015-ci ildə bir qrup şəxs tərəfindən amansızcasına döyülüb. Bundan sonra o, 1 saylı klinik xəstəxanaya yerləşdirilib və bizə məlum olmayan səbəblər üzündən 9 avqust, 2015-ci il tarixində həmin xəstəxanada dünyasını dəyişib.
Oğlumuzun döyülməsində şübhəli bilinən bir qrup şəxs saxlanılıb, onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Lakin həmin gündən 2 aydan çox vaxt keçsə də oğlumuzun vəfatının səbəblərini araşdırmaq üçün təyin olunmuş məhkəmə-tibb ekspertizasını, Rasimin ölümündə həkim səhlənkarlığının olub-olmaması barədə mütəxəssis rəyi verməli olan Səhiyyə Nazirliyinin nəzdindəki xüsusi komissiyanın rəyləri nə istintaqa, nə də bizə verilməyib.
Fikrimizcə, rəylərin bu günə qədər hazır olmaması istintaqın gedişinə ciddi maneələr törədir. Düşünürük ki, oğlumuzun ölümündə həkimlərin səhlənkarlığı da ciddi rol oynayıb. Komissiyanın rəyinin istintaqa təqdim edilməməsi şübhələrimizi daha da artırır. Qanuna uyğun olaraq tibbi ekspertizanın rəyi bir ay ərzində istintaqa təqdim edilməli idi”.
Valideynlər istintaqın gedişi barədə onlara və ailənin vəkili Əshabəli Mustafayevə məlumat verilməməsindən də narahatlıqlarını ifadə edib. Ailə ehtimal edir ki, istintaqın uzadılmasında məqsəd oğullarının ölümündə təqsiri olanları məsuliyyətdən yayındırmaqdır: “Bu məsələlər ailəmizin ciddi narahatlığına səbəb olub. Ehtimal edirik ki, bəzi şəxslər istintaqın uzadılmasından sui-istifadə edərək oğlumuzun ölümündə təqsiri olanları məsuliyyətdən yayındırmaq niyyəti güdür.
Cənab prezident! Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işini şəxsi nəzarətinizə götürməyinizi nəzərə alaraq sizdən ekspertiza idarəsinə və Səhiyyə Nazirliyinə qısa zamanda rəy vermə tapşırığı verməyinizi xahiş edirik. Həmçinin xahiş edirik ki, Bakı Şəhər Prokurorluğu tərəfindən istintaqın gedişının sürətləndirilməsi ilə də bağlı tapşırıq verəsiniz”.
Xatırladaq ki, Rasim Əliyev “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun əcnəbi jurnalistlə davranışı haqda fikirlərini sosial şəbəkədə bölüşüb. Bundan sonra o, futbolçu və onun qohumları tərəfindən təhdid edilib. Avqustun 8-də isə futbolçunun yaxınları tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən jurnalist az sonra ölüb.
Bu cinayətlə bağlı 5 nəfər həbs edilib. İşi prezident nəzarətə götürüb.
1178 dəfə oxundu