Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım” – (FOTOLAR)
Jurnalist Fikrət Fərəməzoğlu da prezidentin əfv fərmanı ilə azad olunanlar sırasındadır və bu gün səhər saatlarında azadlığa buraxılıb, artıq evindədir.
Musavat.com-un əməkdaşı onların evində olub.
F.Fərəməzoğlu bildirib ki, qabaqcadan əfv olunacağını bilmirdi: “Ümumi əfv veriləcəyini bilirdim, amma adımın həmin siyahıda olacağına inanmırdım. Dünən 17:30-da bilindi ki, əfv siyahısında adım var. Mənə qədər əfvə düşən digər siyasi məhbusların adları məlum idi, ən axırıncı mənim adım gəldi”.
Jurnalist bütövlükdə əfv fərmanını yüksək qiymətləndirib: “Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hətta bir insanın azadlığa çıxması böyük hadisədir. Çünki həbsdə cinayət törətmiş şəxs belə, mənəvi əzab çəkir”.
F.Fərəməzəoğlu 2 il 8 ay 17 gün dustaq olduğunu qeyd edib: “Evə gələndə elə bildim ki, işə getmişdim. İlk növbədə həbsxanaya adaptasiya olmağı tez bacardım. Prinsip etibarilə elə bil, böyük qəsəbədə yaşayırdım, sadəcə kontingent fərqli idi. O baxımdan saxlanma şəraitimdən narazı deyildim. Ümumiyyətlə, həbs böyük akademiyadır. Biz kimi hər bir jurnalistin azı 1 il orada qalması lazımdır (gülür - E.S). Həbsxana informasiya, psixologiya, həyat, mənəviyyat baxımdan, adama çox şey öyrədir, sadəcə, diplomu yoxdur”.
O, jurnalist fəaliyyətini bərpa edəcəyini söyləyib, eyni zamanda siyasi ekspert kimi də çıxışlar etmək fikrində olduğunu bildirib.
747 dəfə oxundu