Azercell “Kibertəhlükəsizlik Həftəsinə” qoşulub
“Azercell Telekom” MMC bölgələrdə “Təhlükəsiz internet”mövzusuna dair təlimlər təşkil edir
Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.“Kibertəhlükəsizlik həftəsinin” əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsindəAzercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynlərivə müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusundatəlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.
Təlimlərdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilir. Yüzlərlə iştirakçısı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları,insanların maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəkləri çətinliklərlə bağlı ətraflı məlumat verilir. Təlimlərdə eyni zamanda müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunur.
Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində Azercell-in təşəbbüsü ilə məktəblilər, valideynləri və müəllimlər üçün keçirilən bu cür təlimlərlər, gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq.
Kibertəhlükəsizlik həftəsi çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaq.
Dünyada kiber təhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən, hal-hazırda valideyn nəzarəti proqramlarına daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan, artıq 3 ildir ki, tətbiq olunan “Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsinin” məqsədləri sırasında əhalinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaq.
704 dəfə oxundu