Ekologiya Nazirliyi: “Meşələr bu səbəblərə görə hasarlanır”
“Meşə sahələrinin bəzi hissəsinin çəpərlənməsi meşələrin yanğından mühafizəsi və nəzarətsiz mal-qara otarılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilir”.
Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Onun sözlərinə görə, bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm də meşələrdə təbii meşəbərpa işlərinin getməsinə şərait yaranacaq, eyni zamanda meşələrin yanğından mühafizə üçün qabaqlayıcı tədbir görüləcək.
Nazirlik rəsmisi qeyd edib ki, dünyanın hər yerində meşə yanğınlarının əsas səbəbi insan faktoru ilə bağlı olur: “Təəssüf ki, Azərbaycanda da ötən il insanların ehtiyatsız davranması nəticəsində meşə yanğınları baş verib. Buna görə meşələrin giriş-çıxış çox olan sahələrində çəpərlərlənmə işləri aparılır. Meşələrdə çəpərlənmə yalnız zəruri olan sahələrdə aparılacaq”.
O bildirib ki, söhbət əsasən təbii çəpərlənmədən və yalnız az bir hissədə məftil sədlərdən istifadədən gedir: “Bu da xüsusilə yeni əkilmiş ərazilərin qorunmasına, yanğından mühafizəyə, təbii bərpanın sürətləndirilməsinə xidmət edir. Ümumiyyətlə bu təcrübədən dünyanın hər yerində istifadə edilir və normal hal sayılır. Milli Meşə Proqramı hazırlanarkən BMT-nin Ərzaq Təhlükəsizliyi və Kənd təsərrüfatı Təşkilatının (FAO) verdiyi tövsiyələrdə də bunlar nəzərdə tutulub”.
690 dəfə oxundu