Qazi baş redaktorun məhkəməsində nə baş verir? REPORTAJ
Hamıya məlumdur ki, neçə vaxtdır ki, Teref.info-nun və onun baş redaktoru Nurəddin Xocanın, yəni, mənim məhkəməm gedir.
Vəzifə saxtakarlğı, vəzifə səlahiyyətlərini aşmaq və ən əsası, dövlətə qarşı çağırışlar etmək kimi absurd ittihamlarla. İşin başdan ayağa qurama olduğunu elə lap əvvəlindən sizə göstərəcəyim faktlarla tanış olandan sonra aydın olacaq. İş belə başlayıb:
Özləri dediklərinə görə ər-arvad(?) olan Dadaşov Ulfan Vahid oğlu və Məmmədova Rəhilə Eldar qızı 15-i axşam Teref.info saytına girərək orda məqalələri oxuyub həyəcanlanıblar. Elə həyacanlanıblar ki, səhər tezdən duraraq düz Şüvəlan qəsəbəsindən (onların yaşadıqları yerdir) Bakı şəhər Prokurorluğuna gəlib saytdan və baş redaktordan şikayət ediblər ki, sayt və baş redaktor dövlətə qarşı yalan məlumatlar yayır. Onların saytdan oxuduqları tarixi necə müəyyən etmişik?
Vəkilin: “Yazını nə zaman oxudunuz və oxuduqdan neçə gün sonra şikayət etmisiniz?” – sualına
“Axşam oxuduq, səhər tezdən getdik şikayət verdik.”
Qəribə budur ki, nədən yaxınlıqda olan prokurorluğa, polisə yox, uzaqda olan şəhər prokurorluğuna gəldiklərini başa sala bimədilər. Qəribəliklər bununla bitmir.
Dadaşov Ulfan 2 cümləlik məhkəmə andını oxuya bilmədi. Daha doğrusu, çox, həm də çox çətinliklə oxudu. Dediyinə görə məqalələri ona savadlı olan arvadı Məmmədova Rəhilə oxuyub. Lakin Məmmədova Rəhilə savadı barədə suala 6-7-ci sinfi qurtardığını bildirdi. Ən maraqlı isə budur ki, onların yazdığı şikayət ərizəsi gözəl xətlə, orfoqrafik, çox düz və səlist yazılmışdır. Lakin dindirmə protokollarının altında öz xətləri ilə yazıb imza atdıqları xətlər heç də bu ərizədəki xəttə oxşamır. Bütün xətlər bir-birindən fərqlənir! Şəkillərdə özünüz də buna şahid ola bilərsiniz.
Bakı şəhər prokurorluğuna həyacanlanmış Xəzər rayonu sakinlərinin 16.07.2018-ci ildə yazdıqları məktub. (xəttə diqqət yetirin)
Dadaşov Ulfan Vahid oğlu və Məmmədova Rəhilə Eldar qızının 03.08.2018-ci ildə öz əlləri ilə yazdıqları dindirmə protokolunun axırındakı qeyd!(Xəttə diqqət edin və ərizədəki xəttlər ilə tutuşdurun)
Bütn bu məqamların ən maraqlısı isə odur ki, "Teref.info" saytı iyul ayının 10 -11-i artıq bloklanmışdı. Yəni, bağlanmışdı. Ordan hansısa məqaləni oxumaq üçün ən azından internetdən başın çıxmalıdır. Dadaşaov Ulfan "Teref.info" saytına necə girildiyini bilmədiyini dedi, çünki sayta arvadı girirmiş. Məmmədova Rəhilə (arvadı) isə sayta necə girdiyini belə izah etdi.
"“Google"yə girdim, orda dırnaq açırdım içində "Teref.info"” yazırdım. Onda məqalələr çıxırdı və bizdə oxuyurduq. Əziz oxucular, lütfən sizdə elə edin görün qarşınıza nə çıxacaq. "Google" o zaman sizi "Teref.info" ilə bağlı yazılarla tanış edəcək. "Teref.info"da olan yazılarla yox.
Vəkil: “Axı niyə giridiz "Teref.info" saytına?” sualına isə:
Dadaşova çox orijinal cavab verdi: “ İş axtarırdım........”
İndi gəlin bütün bu məzhəkənin əsasını təşkil edən ittihamın necə qurulduğundan danışaq.
İstintaqın versiyası:
07.15.2018-də Dadaşov Ulfan Vahid oğlu və Məmmədova Rəhilə Eldar qızı 11-dən bağlanmış saytda yazı oxuyub hıyacanlanırlar.
07.16. 2018 –də onlar Bakı şəhər prokurorluğuna şikayətə gəlirlər və prokurorluq şikayəti qəbul edir. Prokurorluq Rabitə və Yüksək Texnologiya Nazirliyinə müraciət edir və Nazirlik 24.07.2018-ci il tarixdə cavab verir ki, "Teref.info" saytı və digər saytlarla bağlı Prokurorluğun 13.07.2018-ci il tarixli müraciətinə Rabitə və Yüksək Texnologiya Nazirliyində baxılmışdır və "Teref.info" saytına xəbərdarlıq edilmişdir. Ondan başqa işin içində 07.17.2018 saat 12-30 da "Teref.info" saytına Rabitə və Yüksək Texnologiya nazirliyi tərəfindən xəbərdarlıq edildiyi haqda məktub var. Bütün bunlar çox gözəldir amma və lakin...
Rabitə və Texnologiyalar Nazirliyinin güya Teref.info saytının poçtuna göndərdiyi xəbərdarlıq...
Rabitə və Texnologiyalar Nazirliyinin prokurorluğa verdiyi cavab məktubu
"Teref.info" saytı iyulun 10-11-də bloklanandan sonra "Teref.info"-nun baş redaktoru olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi məktubla müraciət edərək, saytımın bloklanma səbəbi ilə maraqlanmışam.
2018.08.02 tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mənə cavab məktubu göndərib. Məktubda isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teref.info" saytının bağlanmasına heç bir aidiyyatı olmadığının və bu sayta onun heç bir sualı olmadığı vurğulanır. Məktubların ikisidə aşağıda sizlərə təqdim edilir.
Rabitə və Texnologiyalar Nazirliyinin 24.07.2018-ci ildə prokurorluğa göndərdiyi cavab məktubu.
Rabitə və Texnologiyalar Nazirliyinin 03.08.2018-ci ildə Teref.info saytının sorğusuna verdiyi cavab mətubu.
Bu hələlik üzə çıxardığımız saxtakarlıqların bir hissəsidir.Vaxt keçdikcə sizi başqa saxtakarlıqlarlada tanış edəcəyik!
Teymur Ləng
849 dəfə oxundu