51 dövlət əmlakı özəlləşdirilir - SİYAHI
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 12 mart tarixində hərrac keçiriləcək.
Komitədən GUNDEMİNFO.AZ-a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Bunlardan 16-sı kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 16-sı səhmdar cəmiyyəti, 7-si isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20.1 kv.m ilə 1664.4 kv.m arasındadır. Bakı şəhəri üzrə özəlləşməyə çıxarılan dövlət əmlaklarından biri ictimai iaşə, digərləri isə ticarət obyektləridir. Dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan ticarət obyekti paytaxtın Suraxanı rayonunda yerləşir. Müxtəlif xidmət sahələri üzrə yüksək potensialı olan dövlət obyekti investor üçün gəlirli biznes sahəsi ola bilər. Bu kateqoriyadan olan əmlaklara Yevlax və Beyləqanda yeməkxana, Cəlilabadda Səyyar Mexanikləşdirilmiş Dəstə və digərləri aiddir.
Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələrindən 10-u paytaxtda, digərləri isə Daşkəsən və Şirvanda yerləşir. Ümumi faydalı sahəsi 11.9 kv.m ilə 127.4 kv.m intervalında olan obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün geniş seçim imkanları yaradır. Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 127.4 kv.m-dir. Bu əmlakdan sərmayəçi xidmət obyekti və ofis kimi istifadə edə bilər.
Şirvan, Bərdə, Lənkəran kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Bu müəssisələr arasında “Lənkəran Mebel”, “Salyan Kəndkimya”, “Kürdəmir Aqrotexservis” və digər səhmdar cəmiyyətləri var.
Avtomobil sahibi olmaq istəyənlər üçün budəfəki hərracda da əlverişli imkanlar yaradılıb. Vətəndaşlar buraxılış tarixi 1999-2014 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Bu avtomobillər "Nissan", "Kia", "Toyota" və digər markalara aiddir. Qeyd edək ki, nəqliyyat vasitələri üçün təyin olunan ilkin hərrac qiymətləri 1440 və 10 min manat arasındadır.
677 dəfə oxundu