“Belə qurum digər telekanallarda da yaradılmalıdır” - AzTV-nin Bədii Şura üzvü
Fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.
Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.
Modern.az saytı Bədii Şuranın üzvlərindən olan bəstəkar, xalq artisti Faiq Sücəddinovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, AzTV-də Bədii Şuranın yaradılması bayağılığın qarşısını alacaq:
“Bu gün bir yerə toplaşıb söhbət etdik. Öz fikirlərimizi bildirdik. AzTV-yə “ana televiziya” deyirik. Doğrudan da bu, belə qalır. Bədii Şuranın yaradılması ilə bağlı orada qlobal dəyişiklik olmayacaq. Biz Bədii Şura olaraq öz fikirlərimizi söyləməklə işləri daha da yaxşılaşdıra bilərik. Bir sənətkar kimi bu işlərə ümidlə baxıram. Çünki Azərbaycan şeirinin, musiqisinin, kinosunun, dilinin bayağı səviyyəyə enməsinə imkan vermək olmaz. Əsas məsələ də budur”.
Bəstəkar digər telekanallarda da bu cür Bədii Şuranın yaradılmasının vacibliyini vurğulayıb:
“Digər özəl televiziyalarda da bu formada Bədii Şuranın formalaşmasına ehtiyac var. Dəyərlərimizin normal qaydada təbliğ olunması çox vacibdir. Tamaşaçılar kimi mən də özəl televiziyalarda bir çox məsələlərdən narazıyam. Düşünürəm ki, Bədii Şura digər kanallarda da yaradılmalı və inkişafımıza xidmət etməlidir”.
Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədova tapşırılıb.
631 dəfə oxundu