Yazıçılar Birliyi İsmayıl Şıxlının 100 illiyinə necə hazırlaşır?
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev yanvarın 28-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alınmaqla, Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçiriləcək.
Maraqlıdır, Xalq yazıçısının 100 illiyi ərəfəsində Azərbaycan Yazıçılar Birliyi hansı tədbirləri həyata keçirəcək?
Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Modern.az-a açıqlamasında yubiley tədbirlərini hər zaman diqqətdə saxladıqlarını bildirib:
“Azərbaycan Yazıçılar Birliyi bütün yubiley mərasimlərinə hər zaman diqqətlə yanaşır. İstər anım, istərsə də doğum günləri ərəfəsində bu tədbirlər illik planlarımızın tərkib hissəsidir. Demək olar ki, bir ilin sonunda növbəti il ərzində keçirəcəyimiz mərasimləri müzakirə edirik”.
Xəyal Rzanın sözlərinə görə, Xalq yazıçısı İsmayıl Şıxlının da 100 illiyi keçiriləcək:
“O cümlədən də böyük yazıçımız İsmayıl Şıxlının 100 illiyi yüksək səviyyədə qeyd olunacaq. Mətbu orqanlarımızda da bunlarla bağlı yubiley tədbirlərinə, yubilyarın əsərlərinə geniş yer ayrılır. Ölkə başçısının verdiyi sərəncamlar bilavasitə Mədəniyyət Nazirliyinə tapşırılsa da, Yazıçılar Birliyi ilə razılaşdırmaq cümləsi qeyd edilir. Mədəniyyət Nazirliyi də tədbirlərimizdə yaxından iştirak edir”.
Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi tamam olur.
616 dəfə oxundu