Tərtərdə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib
“Yeni Tərtər” qəzeti redaksiyasında keçirilən bayram yığıncağını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıb. O, qəzetin kollevtivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib, cansağlığı və işlərində uğurlar arzulayıb.
Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı. Lakin Həsən bəy Zərdabi əsas məqsədinə çatmışdı. Sonralar onun çağırışına qoşulan onlarla mətbu orqan “Əkinçi”nin yolunu davam etdirdi.
Bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq, uğrunda informasiya mübarizəsi aparmaq.
Baş redaktor deyib ki, “Yeni Tərtər” bölgə qəzeti olsa da, respublika mətbuatı sırasında onun özünəməxsus yeri var. Belə ki, qəzetin çap variantı ilə yanaşı, onun elektron saytı da fəaliyyət göstərir ki, bunun vasitəsilə qəzet bir sıra xarici ölkələrdə oxunur və izlənir. Ona görə də dostlarımızla yanaşı, düşmənlərimiz də ölkəmizdə, o cümlədən rayonumuzda aparılan böyük quruculuq, abadlıq işləri haqqında qəzetin sahifələrindəki materiallardan məlumat alırlar.
Tofiq Yusif həmçinin rayon rəhbərliyinin qəzetə olan diqqət və qayğısından danışıb və buna görə icra başçısına öz minnətdarlığını bildirib.
Qəzetin əməkdaşı Əvəz Nəsirov ulu öndər Heydər Əliyevin qəzet işçilərinin əməyini yüksək qiymətləndirdiyini söyləyib. Qeyd edib ki, 1998-ci ildə ümummilli liderin sərəncamı əsasında mətbuat üzərində senzura ləğv edildikdən sonra Azərbaycan jurnalistikasında dönüş mərhələsi başlayıb. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycanda azad mətbuatın inkişafına daim qayğı göstərir.
“Yeni Tərtər”in baş redaktorunun müavini Svetlana Bağırova son günlər yaşadığımız Gəncə hadisələrini yada salaraq deyib ki, həmişə olduğu kimi, bu dəfə də milli mətbuatımız dövlətimizə və dövlətçiliyimizə qarşı uzanan xain əlləri, terroru, qarayaxma kampaniyasını qətiyyətlə pisləyib. Dövlətimiz hələ heç zaman indiki qədər güclü və qüdrətli olmayıb. Bunu gözü götürməyən qara qüvvələr hər vasitədən istifadə edərək birliyimizi sarsıtmağa çalışırlar.
“Yeni Tərtər”qəzeti də rayonumuzun yüksəlişini, görülən müsbət işləri geniş oxucu auditoriyasına düzgün, dolğun və vaxtında çatdırmaqla, maarifləndirici missiyanı layiqincə yerinə yetirməyə çalışır.
Qəzetin əməkdaşı Elfuzə Vəliyeva rayon qəzetinin keçdiyi 84 illik yola nəzər salıb, bu yolda rast gəlinən bir sıra çətinlikləri xatırladıb. Bildirib ki, hazırda rayon rəhbərliyinin yaxından qayğısı və köməkliyi sayəsində qəzet öz fəaliyyətini davam etdirir.
Tədbirin sonunda rayon rəhbəri Müstəqim Məmmədov bir daha mətbuat işçilərini peşə bayramı münasibətilə təbrik edib. Mətbautın üzərinə düşən mühüm vəzifələrdən danışan Müstəqim Məmmədov deyib ki, inkişafımızı gözü götürməyən bəzi qüvvələr ölkəmizdə görülən yaxşı işlərə kölgə salmağa çalışır, böhtan və qarayaxma ilə məşğul olurlar. Amma jurnalistin, mətbuat işçisinin vəzifəsi “düzü düz, əyrini əyri yazmaqdır”. Qəzetin kollektivi də öz işinə məhz bu cür yanaşmalıdır.
Sonra icra başçısı rayonun sosial-iqtisadi inkişafından, görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
Rayon icra hakimiyyəti başçısı aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov bayram münasibəilə rayon icra hakimiyyətinin hədiyyəsini baş redaktora təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
1323 dəfə oxundu