AB “erməni qaçqınlara” niyə milyonlar ayırır?
Zəngilandakı suriyalı qaçqınların sayı o qədər deyil ki, onlara xüsusi diqqət yetirilsin. Bu sözləri rus politoloq və tarixçi Oleq Kuznetsov Avropa Birliyinin Suriyadan Ermənistana köçürülən erməni əsilli qaçqınlara ayırdığı 3 milyon avro haqda Axar.az-a danışarkən deyib.
“Fikrimcə, bu məsələ iki - siyasi və praktiki aspektlərdən təhlil olunmalıdır. Siyasi tərəfdən baxdıqda, beynəlxalq hüquq normalarına əsasən, sözügedən addım Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilməlidir. Qarabağın Azərbaycana geri qaytarılmasından sonra Suriya ərazisindən Zəngilana köçürülən erməni əsilli qaçqınlar ya Suriyaya, ya da Ermənistana deportasiya edilməli olacaq. Burda başqa söhbət ola bilməz. Bu qaçqınlar yalnız o halda köçürüldükləri ərazidə qala bilərlər ki, Azərbaycan Respublikası prezidenti sözügedən ərazidəki erməniləri əfv edər və ya onlara vətəndaşlıq verər.
Praktiki cəhətdən Zəngilandakı erməni əsilli suriyalı qaçqınlar o qədər də çox deyil ki, onlara xüsusi diqqət yetirilsin. Əgər belə olsaydı, Azərbaycan Xarici İşlər Nazirliyi və mətbuatı bu mövzunu daima gündəmdə saxlayardı. Yox, əgər məsələyə qərəzsiz yanaşsaq, o zaman 3 milyon avro Suriyadan gələn yüzlərlə erməni qaçqına kömək edə bilər. Onların Zəngilana köçürülməsi açıq-aşkar təbliğat və siyasi piardır. Başa düşmək lazımdır ki, bu insanlar bir müharibəni digəri ilə dəyişəcək qədər axmaq deyillər”.
Poliqoloqun sözlərinə görə, sözügedən qaçqınları Zəngilana köçürməkdə xüsusi məqsəd var:
“Onlar beynəlxalq qaçqın status alaraq bir müddət sonra rahat şəkildə Avropa ölkələrində sığınacaq ala bilmək və qaçqınlığın onlara verəcəyi güzəştlərdən faydalanmaq məqsədilə bu əraziyə köçməyə razılaşıblar. Dağlıq Qarabağ ərazisinə yerləşdirilən erməni əsilli Suriya qaçqınlarının sayı ilə maraqlansanız, onların sayı 10-15 ailədən çox olmaz.
Yekun olaraq qeyd etmək istəyirəm ki, sözügedən hadisə Azərbaycan üçün praktiki cəhətdən çox mühüm olmasa da, siyasi cəhətdən olduqca mühümdür. Vətəndaşların Qarabağa köçürülməsi prosesi ilk gündən uğursuzluğa düçar oldu. Çünki bu, Ermənistan məmurlarının korrupsiya planlarından başqa bir şey deyil. Bunu İrəvandakılar da başa düşür, Avropadakılar da. Buna görə də erməni mətbuatı sözügedən məsələni hər il işıqlandırır”.
940 dəfə oxundu