Cavanşir Feyziyevi “Avromed”lə nə bağlayır? - Deputat saytları HƏDƏLƏDİ
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyev son günlər bir sıra internet informasiya saytlarında onun adının “Avromed” QSC ilə əlaqəli hallanmasına və bu xüsusda yayılmış bəzi fikirlərə münasibət bildirib.
“Ölkə.Az” xəbər verir ki, C.Feyziyev Milli Məclisin üzvü kimi Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dərman qaçaqmalçılığına qarşı mübarizə tədbirləri aparıldığını söyləyib:
“Bu barədə ölkənin çoxsaylı mətbuat orqanlarında, o cümlədən internet informasiya resurslarında xəbərlər yayımlanır. Lakin həqiqətə uyğun olmayan, hüquq-mühafizə orqanları tərəfindən yayımlanan rəsmi məlumatlardan tamamilə fərqlənən fikirlər də diqqət çəkməkdədir. Bu baxımdan adımın “Avromed” QSC ilə bağlılığı barədə də qərəzli materiallara rast gəlinməkdədir.
Bəyan edirəm ki, mənim “Avromed” QSC ilə heç bir əlaqəm yoxdur. Ümumən bu mövzuda yayımlanmış materialları şəxsimə qarşı böhtan, qərəz kimi qiymətləndirirəm. Ayrıca bir sıra saytların mənə qarşı bir növ, məqsədli mənəvi terror həyata keçirmələrindən təəssüf hissi keçirirəm. Bildirirəm ki, belə hallar həm ölkə qanunvericiliyinin tələblərinə, həm jurnalistlərin peşə davranışı qaydalarına, həm də elementar əxlaq normalarına ziddir. Bu cür xoşagəlməz fəaliyyətə üstünlük verənlərə tutduqları yanlış yoldan dönməyi tövsiyə edirəm. İstəməzdim ki, məsələ hüquqi müstəviyə çıxarılsın”.
884 dəfə oxundu