Milli Ensiklopediyadan nəşrlə bağlı iradlara cavab: “Dəvət etdik, gəlmədi”
Bu günlərdə təhsil eksperti Etibar Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzini (“AME” EM) Azərbaycan Milli Ensiklopediyasının ilk 5 cildinin Rusiyada çap olunmuş çoxcildli ensiklopediyaların birindən – “Böyük Rusiya Ensiklopediyası”ndan köçürüldüyünü iddia edib.
E.Əliyev həmçinin, AME-də qüsur hesab etdiyi məsələləri konkret faktlarla əsaslandırmağa çalışıb. Onun bu faktlarının kökündə isə yenə də plagiatlıq məsələləri yatır.
Qeyd edək ki, təhsil eksperti bu məsələyə bir neçə dəfə toxunub. 2016-cı ilin mayında, Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubiley tədbirinə bir neçə gün qalmış Milli Ensiklopediyanın beş cildinin plagiat olduğunu və onunla bağlı lazımi instansiyalara müraciət etdiyini bildirmişdi.
Etibar Əliyev bir müddət öncə məsələyə yenidən baş vuraraq, AME ilə bağlı bəzi məqamları sadalayıb:
“Təsadüfən bir məqalə axtarırdım və qərara gəldim ki, bu məqalənin həm Milli Ensiklopediyadakı, həm də Rusiya Ensiklopediyasındakı versiyalarına baxım. Gördüm ki, bizimkilər ordan cümləbəcümlə köçürüblər. Bundan sonra araşdırdım, gördüm, əksər məqalələri köçürüblər. Məsələn, Milli Ensiklopediyada ABŞ-ın keçmiş prezidenti ata Buşun bioqrafiyası Böyük Rusiya Ensiklopediyasından köçürülüb.
Ensiklopediyalarda hətta hansı şəkli, illüstrasiyanı haradan götürüblər, onu da qeyd edirlər. Çünki ensiklopediya işinin məsuliyyətini dərk edirlər. Bizimkilər isə götürüb başqasının məqaləsini tərcümə edib, müəllifin adını gizlədirlər. Bu biabırçılıqdır.
Hələ ki, ensiklopediyanın 5 cildi çıxıb. Elə anlayışlar, şəxslər haqqında məlumatları köçürüblər ki, adam deməyə utanır. Məsələn, böyük qırğız yazıçısı Çingiz Aytmatov haqqında məqaləni də həmin ensiklopediyadan köçürüblər. Çingiz Aytmatov bizə yaxın olan yazıçıdır. Azərbaycan ensiklopediyasında Aytmatovun bioqrafiyası, əsərlərinin təhlili başqa cür yazılmalı idi. Onun rəhmətlik Heydər Əliyevlə görüşü də ensiklopediyada yer almayıb. Sadəcə bir qrup yaradıblar və onlara deyiblər ki, bu ensiklopediyanı qarşınıza qoyub tərcümə edib köçürməlisiniz. Belə olmaz, ensiklopediyanı tərtib etməyin qaydaları var.
Çap olunan 5 cildə çox böyük vəsait xərclənib. Hətta birinci və ikinci cild Almaniyada çapdan çıxıb. Bu məsələni qaldırmaqda məqsədim odur ki, növbəti mərhələlərdə belə yanlışlıqların qarşısı alınsın”.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzindən isə AzEdu.az –ın bu məsələ ilə bağlı müraciətinə cavab verilib.
Məsələyə kifayət qədər tolerant yanaşan “AME” EM nümayəndələri Etibar Əliyevi hələ ilk dəfə belə bir iddia ilə çıxış etdiyi vaxt ensiklopediyaya dəvət etsələr də, onların təkliflərinə cavab vermədiyini qeyd edib.
Həmçinin, “AME” EM -dən məsələyə sırf tənqidi aspektdən yanaşılmasının qəti əleyhinə olduqları da bildirilib:
“Kimisə, nəyisə tənqid etməkdən asan heç nə yoxdu. Etibar Əliyev və başqaları tənqid etməkdənsə, müəyyən çatışmazlıqlar, onların aradan qaldırılması barədə təkliflərini versələr, qüsur adlandırdıqları məsələlərlə bağlı fikirləri bu şəkildə səsləndirməzdən əvvəl bizə müraciət edib aydınlaşdırdıqdan sonra tənqidi çıxış etmələri daha məqsədəuyğun olar”.
Təhsil ekspertinin iradları arasında ensiklopediyaya daxil edilən məqalələrin hazırlanma prinsipi də var:
“Rusiyanın həmin ensiklopediyasını “Britannika” ilə müqayisə etsəniz, bir oxşar cümləyə, yaxud məqaləyə rast gəlməzsiniz. Dünyada buna çox pis baxırlar. Bir misal gətirim: Tutaq ki, fransız yazıçısı Onore de Balzak haqqında ensiklopediyaya məqalə yazmaq lazımdır. Bunun üçün Azərbaycanda Ədəbiyyat İnstitutu, universitetlərdə xarici ölkələr ədəbiyyatı kafedrası, bu sahədə çalışan kifayət qədər alimlərimiz var. Burada köçürməyə nə ehtiyac var? Böyük rüsvayçılıq odur ki, nə köçürdükləri mənbəni, nə də məqalə müəllifinin adını göstərirlər”.
“AME” EM: "Yəqin ki, ensiklopediya tərtib etməyin qayda və prinsiplərini, həmçinin metodikasını ensiklopediyada “təhsil eksperti”ndən daha yaxşı bilmiş olarlar. “İradlar”ın müəllifinin növbəti “tənqidi” çıxışından sonra da düşünürük ki, o öz kriteriyalarına görə təhsil sahəsində qazandığı təcrübə ilə respublikada tanınmış “təhsil eksperti” ola bilər, amma heç vaxt ensiklopediyada işləməyən, ensiklopediya təcrübəsi olmayan, bu işin incəliklərini bilməyən bir şəxs görülən işləri bu şəkildə mühakimə edə bilməz. Görünür, bununla da “ensiklopediya eksperti” olmaq fikrinə düşüb… E.Əliyev yazır ki, Ç.Aytmatovun “əsərlərinin təhlili başqa cür yazılmalı idi”. O, bu işin qaydalarını bilsəydi, bu ifadəni işlətməzdi, çünki ensiklopediya monoqrafiya deyil ki, nəyisə təhlil etsin, mövqe bildirsin və yaxud dünya tarixində önəmli yer almış tarixi hadisələr səviyyəsində olan görüşlər istisna edilməklə görüşlər haqqında məlumat versin. Nəinki universal ensiklopediyalarda, hətta sahə ensiklopediyalarında əsərin təhlilindən söhbət gedə bilməz, məqalənin tipi, həcmi nəzərə alınmaqla məşhur əsərlərinin adları, ili göstərilməklə xronoloji ardıcıllıqla verilərək, onların da ən mühümünün mövzusu haqqında məlumat verilir.
Ensiklopediyanın definisiyasında yazılır – bütün elm və əməli fəaliyyət sahəsinə dair sistemli və yığcam məlumat verən elmi nəşr. Elm dəyişmir, sonrakı inkişaf dövrü, nailiyyətləri, yeni sahələr haqqında məlumatlar əlavə edilir. Eynşteynin Nisbilik nəzəriyyəsi bütün kitablarda, ensiklopediyalarda eynidir. Onun düsturu, elmi mahiyyəti ölkədən ölkəyə, ensiklopediyadan ensiklopediyaya dəyişə bilməz, çünki bu fundamental elmlərə aid materialdır. Termin, anlayış necə plagiat ola bilər?!
“AME” EM-nin rəhbərliyi qısaca olaraq, tərtibat məsələlərindəki bəzi qaçılmaz nüansların plagiatlıq adı ilə adlandırılmasının qəti əleyhinə olduğunu bildirir: “ Ensiklopediyalarda məqalələr adətən tərtib edilir və tərtib edilərkən ilk növbədə ensiklopedik mənbələrdən, akademik nəşrlərdən istifadə olunur. “Boyük Rusiya Ensiklopediyası” (BRE, “Bolşaya Rossiyskaya Ensiklopediya”) qonorar sistemi ilə nəşr edilir və buna görə də bəzən, yəni sifarişlə tərtib edilən yeni materiallarda tərtibçi-müəllifin adı verilir, bizdə isə qonorar sistemi yoxdur. Ümumiyyətlə, ensiklopediyalarda və ensiklopedik lüğətlərdə müəlliflərin adları verilmir. Burada plagiatdan söhbət gedə bilməz – plagiatlıq müəllifin adının mənimsənilməsidir, hansı müəllifin adı kimin adı ilə əvəz edilib, belə bir məqalə varmı? Belə çıxır ki, nəşrin özü plagiatdır! Rusiyada ensiklopediya işi “Brokhauz və Yefron ensiklopedik lüğəti” ilə başlanılıb və məqalələr yalnız tərcümə edilib və həmin məqalələr indiyə qədər olduğu kimi verilir, həm də müəllifsiz. Türkiyədə nəşr edilmiş “Büyük Laorusse Ansiklopedisi” fransızların nəşrinə əsaslanır. “Britannika”da istifadə ilə bağlı belə bir məqam var və nəzərə alınır.
“Təhsil eksperti” bilmir ki, Almaniyada bizim I və II cildlərimiz yox, “Azərbaycan” və onun rus dilindəki variantı, həmçinin nəşrin nəfis hədiyyə variantı da daxil olmaqla 7 cildimiz nəşr edilib, eyni zamanda bütün cildlərin kitabxana variantı Bakıda çap olunub. Milli Ensiklopediyanın “Azərbaycan” xüsusi cildi böyük hadisə idi, amma o, bu nəşrdən söz açmadığına görə yəqin ki, cilddəki 155 məqalənin 230 müəllifinin hələ də qonorar almadığından xəbərsizdi.
“Təhsil eksperti”nin örnək gətirdiyi “Azərbaycan Sovet Ensiklopediyası” (“ASE”) birinci cildinin tirajı o vaxt satışdan yığışdırılıb məhv edildikdən sonra növbəti birinci cildi nəşr edilən ensiklopediya ideoloji baxımdan tələblərə cavab versəydi, yenisinin hazırlanmasına ehtiyac qalmazdı. Yəqin ki, “təhsil eksperti”nin “ASE” də Azərbaycanla bağlı məqalələr istisna edilməklə, qalan bütün materialların “Böyük Sovet Ensiklopediyası”ndan (BSE) tərcümə edildiyini, həmçinin BRE-nin özündə də xarakterindən asılı olaraq müəyyən materialların BSE-dən olduğu kimi götürüldüyünü bilmir. Onun nümunə, örnək göstərdiyi ASE-də “Azərbaycan Sovet Sosialist Respublikası” məqaləsi cəmi iki abzasdır və həmin məqalədə isnad edilən və “bax.” işarəsi ilə verilən “Azərbaycan Sovet Sosialist Respublikası” cildi ümumiyyətlə, nəşr edilməyib. Həmin nəşrə diqqətlə baxsa, erməni soyqırımının də qəbul edildiyini görərdi. Buna baxmayaraq, respublikada ilk ensiklopediya nəşri kimi dəyərlidir.
Bilmədiyi başqa bir məqam da var – “Bolşaya Rossiyskaya Ensiklopediya”nın rəhbərliyi ilə münsibətlərimiz var. Bu nəşrin və “Pravoslav ensiklopediyası”nın məsul katibi S.L.Kravets “AME” EM-də olmuş, Elmi-texniki şuranın iclasında iştirak etmişdir. Yəni, qarşılıqlı əməkdaşlığımız var. Biz ona müəyyən məqalələrin hazırlanmasında xüsusilə, mükəmməllik baxımından “BRE”-dəki materiallara üstünlük verdiyimizi bildirəndə fikrini “Bu, bizi sevindirir” cümləsi ilə ifadə etdi. Biz ensiklopediyaların elektron versiyalarında qarşılıqlı əməkdaşlıq edəcəyik. Məlumat üçün deyək ki, “BRE”-dəki “Azərbaycan” məqaləsi məhz “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi vasitəsilə yenidən hazırlanıb. “BRE”-də bizimlə bağlı materiallarda diqqət çəkən məqamlar çoxdur, həmin materiallara diqqət yetirilsə, biz də çox sevinərik…
“Təhsil eksperti” bütün nəşrə “plagiat” ifadəsini şamil edərkən, adı və quruluşu, sərhədləri dəyişən dövlətləri unutduğu kimi, Kirill əlifbası ilə Latın əlifbası arasındakı uyğunsuzluğu da nəzərdən qaçırıb. O, bu materiallar hazırlanarkən hansı çətinliklərin meydana çıxdığını təsəvvürünə belə gətirə bilməz.
Biz nəşrin hər bir cildi çapa getməzdən öncə diski ilk növbədə respublikamızın alim və yüksək səviyyəli mütəxəssislərindən ibarət Redaksiya Heyətinin üzvlərinə, nazirlik və komitələrə, həmçinin ali məktəb rektorlarına göndəririk. Hələ ki, “təhsil eksperti”nin ürəkaçıqlığı ilə işlətdiyi “plagiat” ifadəsi də daxil olmaqla, irad bildirilməyib. Bu gün respublikamızda nəşr edilən müxtəlif elmi-kütləvi nəşrlərə, toplulara, sahələr üzrə ensiklopedik və izahlı lüğətlərin və s. üz qabığında müəllif adı görəndə təccüblənməmək mümkün deyil. Axı, bütün bunlar tərtib edilib!!! Əsl plagiat və biabırçılıq budur.
“Azərbaycan Milli Ensiklopediyası”nın qapıları hər kəsin üzünə açıqdır və biz əməkdaşlığa da, tənqidə də həmişə açıq olmuşuq, amma haqlı tənqidlə, qərəzli mövqe fərqlidir”.
Üstəlik, AME rəsmi olaraq, AzEDU-ya istifadə etdiyi mənbələrin adını açıqlayıb. Xatırladaq ki, E. Əliyev yuxarıdakı qeydində beş cilddə “nə köçürdükləri mənbəni, nə də məqalə müəllifinin adının göstərilmədiyini yazır.
“AME” EM-nin sayta yolladığı məlumatlarda nəinki hər beş cilddə, hətta nəşr edilmiş 7 cilddə istinad mənbələrini qeyd edilib. Məsələn, “Azərbaycan Milli Ensiklopediyası”nın I cildindəki 4612 məqalənin 281-i, “ASE”dən, 1226-sı “BRE”dən, həmçinin “BRE” və digər mənbələrdən, 2090-ı internetdən, Azərbaycana aid məqalələrdən, alim və sənət adamlarımızın bioqrafiyalarından istifadə edilib. 1005 məqalə isə müxtəlif ensiklopedik mənbələrdən götürülüb. Hətta elmi redaksiyalar üzrə göstəricilər rəqəmlə və faizlə əksini tapıb. Bu faizlərdə isə “BRE” ilə bağlı materialların hansı elm sahələri üzrə çoxluq təşkil etdiyi aydın görünür. I cild üzrə cəmi: ASE – 6,2 %,; İnternet, Azərb.-a aid məqalələr və Azərb.-lılara aid bioqrafik məqalələr – 45,4%; BRE və BRE daxil olmaqla – 26,6%; Müxtəlif ens. mənbələr 21,8% təşkil edir.
Məsələn :I cilddə kimya elminə aid 151 məqalənin 13-də ASE-dən, 126 məqalədə BRE-dən, 12 məqalədə isə digər ensiklopedik mənbələrdən istifadə edilib.
BRE-dən istifadə–83%; Bu qayda ilə Biologiyada 64,7%; Fəlsəfə və hüquqda isə 62%.
Digər sahələrdə (Redaksiyaların adları qısaldılaraq göstərilir) isə istinad mənbələri bu cür paylanılıb:
Fizika-riyaziyyat – ümumi 259 məqalə; ASE-15; BRE-126; internet və yerli mənbələr – 70; digər ensiklopedik mənbələr – 134;
Texnika – ümumi 306 məqalə; ASE-20; BRE-49; internet və bioqrafik məqalələr – 74; digər ensiklopedik mənbələr -163;
Coğrafiya və Geologiya – ümumi 1642 məqalə; ASE – 62; BRE -296; internet və bioqrafik məqalələr –1241; digər ensiklopedik mənbələr – 43;
İqtisadiyyat – ümumi - 208; ASE – 7; BRE – 65; internet və bioqrafik məqalələr –34; digər ensiklopedik mənbələr – 102;
Tarix – ümumi – 674; ASE – 104; BRE – 53; internet – 164; digər – 353;
Ədəbiyyat və İncəsənət – ümumi – 436; ASE – 8; BRE – 55; İnternet – 354; digər – 19;
Fəlsəfə və hüquq – ümumi–158; ASE-9; BRE-98; internet–20; digər-31;
Təhsil və mətbuat – ümumi – 96; ASE -1; BRE – 9; internet -32; digər -54
1054 dəfə oxundu