Əflatun Amaşovdan Əli Həsənova DƏSTƏK
Əflatun Amaşov,
Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı hesabatına münasibətdə ifadə etdiyi fikirlər onu göstərir ki, müstəqil Azərbaycan dövləti həm dünya miqyasında, həm də daxildə yeritdiyi siyasi xəttində əmin və qətiyyətlidir. Bu, son dərəcə mühüm mesaj, Azərbaycana təzyiq yolları axtaran qüvvələrə qarşı tutarlı cavab, prinsipial mövqe nümayişidır.
“Görünür, məhz bu mənzərə - bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir”.
Cənab Əli Həsənovun bu fikirləri ilə əslində Qərb dünyasının zaman-zaman Azərbaycana münasibətdə ortaya qoyduğu siyasətin mühüm göstəricisini açıqlayır. Bəli, Qərbin bəzi dairələri hər zaman Cənubi Qafqaz regionuna vahid orqanizm kimi yanaşır. Bu yanaşmada müstəqil dövlət anlayışı yoxdur. Yalnız iqtisadi maraqlar var. Azərbaycan inkişaf edirsə, stabildirsə, burada asayiş qorunursa, əksinə Ermənistan siyasi böhran burulğanındadırsa və Ermənistanı Azərbaycan kimi sabit mövqeyə çıxarmaq mümkün deyilsə, üstəlik Azərbaycan gücləndikcə işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi zəifləyirsə, deməli hansısa formada Azərbaycanın yüksələn xəttinə ləkə gətirmək lazımdır. Hesab edirəm ki, Əli müəllim məhz bu məqamı əsaslandırılmış arqumentlərlə diqqətə çatdırıb.
Cənab Həsənovun fikirlərindən hasil olan qənaət onu da deməyə əsas verir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır. Şübhəsiz bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək. Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir. Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər. İstər AŞPA-nın məlum hesabatı, istər 11 aprel Prezident seçkiləri ərəfəsində başlanılmış və dövlət idarəçiliyinə qarşı xaotik münasibəti stumullaşdırmağa hesablanmış “söyüş kampaniyası,” istərsə də daha əvvəlki illərdə ölkəmizə qarşı seçilmiş qərəzçilik xətti sahəyə diqqətin artırılmasını tələb edir. Əli müəllim bu baxımdan problemləri də sadalayıb, həmçinin diplomatiyamızla yanaşı diaspor təşkilatlarımızın Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasındakı uğurlarının gələcək fəaliyyət üçün baza rolunu oynadığını da əsaslandırıb.
887 dəfə oxundu