Azərbaycan GSM texnologiyasından imtina edir?
Mobil rabitə operatorlarına LTE şəbəkəsindən istifadəyə icazə veriləcək. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarına LTE şəbəkəsini genişləndirməsi üçün yeni tezlik diapazonundan istifadə etməyə icazə verəcək.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun verdiyi məlumata əsasən, bu ilin sonunadək 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəyə veriləcək.
“Bununla LTE texnologiyasının ölkənin bütün ərazisində yayılmasına imkan yaradılacaq. Hazırda “3G” şəbəkəsi ölkə regionlarında yetərincə əhatə dairəsini genişləndirib. Lakin “4G” şəbəkəsi yalnız Bakıda və bəzi ətraf ərazilərdə işləyir. Bu texnologiyanın əsasən ucqar dağ regionlarında tətbiqini, bütün ölkə ərazisinin internetlə və rabitə ilə təmin edilməsini istəyirik”, - deyə nazir müavini qeyd edib.
İ.Məmmədovun sözlərinə əsasən, nazirlik yaxın iki ildə, GSM texnologiyasının istifadəsini Azərbaycanda da dayandıracaq.
“Yeni “3G” və “4G” texnologiyaları üzərində qurulmuş platformalar inkişaf edir və artıq eyni zamanda smartfonla danışaraq internetdən istifadə edilməsi mümkündür. Çox qısa zamanda biz LTE şəbəkəsi üzərindən səsli xidmətlərin göstərilməsinin şahidi olacağıq. Bu ilin əvvəlində Barselonada keçirilən konfransda LTE texnologiyası üzərindən səsli xidmətlər nümayiş etdirilib. Dünya üzrə mobil rabitə operatorları bu xidməti təqdim etdikcə ölkəmizdə də onun tətbiqi qaçılmaz olacaq. Bu istiqamətdə artıq işlər aparılır”, - deyə İ. Məmmədov bildirib.(ans press)
1337 dəfə oxundu