Jurnalist Rasim Əliyevin qətli ilə bağlı məhkəmə prosesi davam edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi ilə bağlı həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesdə şahid qismində Anar Muxtarov, Pərviz Qalibzadə, Asim Səmədov və Elnur Süleymanov dindiriliblər.
R.Əliyevin vəkili Fariz Namazlının ötən proses qaldırdığı əlavə şahidlərin dindirilməsi və həkimlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı vəsatətlər müzakirəyə çıxarılıb. Vəsatətlərin heç biri təmin edilməyib. Bundan sonra isə məhkəmə zalında valideynlər qərara etiraz ediblər. Hər iki tərəf qaldırılan vəsatətlərin təmin edilməsini tələb edib. Məhkəmə zalı boşaldılıb və valideynlər zaldan çıxarılıb. Valideynlər Prezident Administrasiyasına şikayətə gedəcəklərini bildirib. Növbəti proses fevralın 9-na təyin edilib.
Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib. Bununla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib.
O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərin işindən ayrılıb.
1095 dəfə oxundu