“18 min cərimələndim, borc yiyələri qabağımı kəsir” – Taleh Yüzbəyov niyə müflis oldu?

“18 min cərimələndim, borc yiyələri qabağımı kəsir” –
“Axırıncı statusumda “Kafe faciəsi” sözü işlətdim, çox adam kafe haqqında suallar verməyə başladı, dedim bir status da “YüzCafe”yə həsr eləyim. Əvvəla bütün kafe açmaq istəyənlərə ilk və əsas məsləhətim odur: Açmayın! Əgər bu işdə təcrübəniz, böyük təcrübəsi olan dostunuz və ya işçiniz, kafeyə yatıracaq puldan başqa çoxlu pulunuz yoxdusa, açmayın!”

KONKRET.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov “Facebook”da yazıb.

O, bir müddət əvvəl açdığı lakin çoxsayda maddi problemlər səbəbi ilə bağlamaq məcburiyyətində qalıdğı kafedən söz açıb:

“Qonşular, işçilər, işıq idarəsi, vergilər, qida təhlükəsizliyi, icra hakimiyyəti, obyekt yiyəsi, reklam agentliyi, fövqəladə hallar, müştərilər, sanepidemstansiya, borclu olduğunuz şirkətlər və başqa-başqa qurumlar və şəxslər sizi dövrəyə alırlar. Bizim ən böyük səhvimiz əvvəllər kafe olmayan obyekti götürüb, kafe eləmək idi. Pulumuzun böyük hissəsi təmirə getdi. Təmir isə dünyada heç vaxt bitməyən bir prossesdir. Yəqin aylarla təmir gedən yerlərdə: “Müvəqqəti narahatlığa görə üzr istəyirik!” sözünü görmüsünüz. Müvəqqəti kimi daimi heç nə yoxdur bu həyatda”.

Aktyor bildirib ki, kafenin üstündə yaşayan sakinlərdən biri obyektini müvafiq orqanlara şikayət edib və cərimələnib. Eyni zamanda maddi sıxıntılar səbəbi ilə o, işçilərin maaşlarını ödəyə bilməyib:

““YüzCafe” dövründə olanları çəksəm kino yox serial alınar. 10 ay ərzində üstümüzə bir kometa düşməyi qaldı. Başımıza gələnlərin qısa icmalı ilə aşağıda tanış ola bilərsiniz: İlk aylar yeməklərin maliyyətini hesablamadan menyuya saldıq, ziyan elədik, borclanma yarandı. Hər bina altında yerləşən kafedə olduğu kimi bir demaqoq qonşu hər yerə bizi şikayət elədi, cərimələndik. Dərdimiz azmış kimi, üstəlik cərimə də ödəməyə məcbur olduq, maaşlar gecikdi.

Dövriyyə istədiyimizdən az olduğuna görə bazara borclu qaldıq, bəzi qida məhsullarını almağa çətinlik çəkdik, müştəri narazı qaldı. Kafeni ayaqda saxlaya bilmək üçün bütün dost-tanışlarımızdan borc aldıq, Torqovuda işıq xətti partladı. Bu problemdən 4-5 obyekt əziyyət çəkdi, onun biri də biz olduq, işığa görə neçə müddət normal işləyə bilmədik, dövriyyəmiz azaldı, borclarımız bir az da artdı. İşıqlar düzəldi, kondisioner xarab oldu. Onu düzəltdik, mətbəxi su basdı. Onu həll elədik, işıq şitində yanğın oldu. Yanğını söndürdük, arendanın vaxtı çatdı. Arendanı borc alıb ödədik, maaşların vaxtı yetişdi.

Yenə borc tapıb, maaşları ödədik, əvvəl aldığımız borcun vaxtı çatdı. Borcları qaytara bilmək üçün var güclə işlədik, yay mövsümü gəldi, işçilər dəniz kənarında işləməyə qaçdı. Təcrübəli işçi tapana qədər xidmətdə problemlər yarandı, yenə müştərilər narazı qaldı. Xidməti düzəltdik, mətbəx gecikən maaşlara görə tətil elədi. Mətbəxi sakitləşdirdik, arendanın vaxtı çatdı. Obyekt yiyəsinə yalvardıq, işıq pulunun vaxtı gəldi. İşıq idarəsinə yalvardıq, işığımızı kəsdilər. Yenə borc tapıb, işıq pulunu ödədik, maaşlara çatmadı, bir çox işçi işdən çıxdı. Yenilərini tapdıq, növbəti arendanın vaxtı çatdı”.

Yüzbəyov kafesinin 18 min manat cərimələndiyini açıqlayıb:

“Başımız problemlərə elə qarışdı ki, işə gələn və gedən işçiləri sistemə vurmaq yadımızdan çıxdı, cərimələndik. 18.000 AZN! Vallah vergidən yayınmaq fikrimiz yox idi. Sadəcə başımızı itirmişdik. 18 min manat! Bu artıq “Fatality” idi. Borca görə hesabımız bloklandı, kartla ödənişlər borca getməyə başladı. Daha çox müştəri cəlb eləmək üçün reklama güc verdik, tarixi binadır deyib, adımızı binadan sökdülər. İşçilər yenə mitinq elədi, arendanın yenə vaxtı çatdı, işıq pulu yenə gəldi, bazara borcumuz daha da şişdi, digər borc sahibləri də bizi divara dirədi və dırmaşdırmağa başladı, kafeni bağladıq.

Çox ziyan elədik. Borcun nə olduğunu anladım. Əvvəl müəllim deyən adamın borca görə “pulumu çatdırın ə” deyənindən, Torqovuda qabağımı kəsib “sizin kafe bizə 300 manat borcludur” deyəninə qədər gördüm. “Eybi yox, yavaş-yavaş ödəyərsiz” deyənlər oldu sağolsunlar. Bir şeyi gördüm ki, sahibkar olmaq zülmdür. Çünki nə güzəşt var, nə dəstək. Heç kəs yeni biznesdir deyib, yazığı gəlmədi. “Fövqəladə hallar”, “Qida təhlükəsizliyi”, “Azərişıq”ın hörmət elədiyi anlar az olmadı. Yalan deyə bilmərəm. “Tayqa” şirkətinin borcunu hələ də ödəyirik. Çox sağolsunlar ki, bu qədər gözləyirlər. Bir ilimi aldı kafe. İki ildir keçib, amma hələ özümə gələ bilməmişəm. Amma başıma-gözümə döymürəm. Öz istəyim idi. Özü yıxılan ağlamaz.

Deyirlər, biznesdə itirən olmur. Ya pul qazanırsan, ya təcrübə. İndi mənə harada lazım olacağını bilmədiyim bir kafe təcrübəm var. Sizə o təcrübədən sadəcə bir məsləhət verə bilərəm: Bildiyiniz işlə məşğul olun və ya yatırımı bildiyiniz işə edin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...