Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlər?
Ölkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Ekspertlərin bəziləri hesab edirlər ki, bu xəstəlik qızılcanın başqa növüdür, hansısa virusdan qaynaqlanır. Əslində, "qızılca xəstəliyini hamı keçirməlidir” kimi bir anlayış uzun illərdir, xalqın beynində formalaşıb. Əbəs yerə deyil ki, el arasında "qəbirdə də olsan qızılcanı çıxarırsan...” deyirlər. Lakin həkimlər bu anlayışı tamamilə mif adlandırırlar. Hazırda vətəndaşları ən çox qorxudan "Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlərmi?” sualıdır.
Tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla Pravda.az-ın bu barədə suallarını cavablandırıb.
Professor deyib ki, qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur: "Sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur. Amma heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə, qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir”.
A.Qeybulla hazırda kəskin şəkildə yayılan qızılcanın hansısa virusdan qaynaqlandığını iddia edənlərə isə belə cavab verib: "Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi bununla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıblar, uşaqlar peyvənd olunmayıb. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənar qalıblar. Nəticədə, bu cür kəskin yoluxmalar var. Müdafiəsiz, immuniteti olmayan uşaqlar qızılcadan xəstələnirlər. Zamanında da həmişə qızılcadan kütləvi uşaq tələfatı olurdu. Bu gün də eyni şeyin şahidiyik. Qızılca yoluxucu xəstəlikdir. Kəskin pnevmaniyaya və beyin ödəminə gətirib çıxara bilər. Ölümün də əsas səbəbi budur. Valideynlər uşaqlarını zamanında peyvənd etməyiblər, qaçıblar, bəziləri imtina ərizəsi yazıb. Ən birinci bu məsələnin üzərində dayanmalıyıq. Hesab edirəm ki, dövlətin müvafiq orqanı bununla bağlı təcili işlər görməlidir. Vaksinasiya icbari xarakter almalıdır. Bu, hansısa arzuya bağlı ola bilməz. Epidemioloji vəziyyəti nəzərə alaraq icbari peyvəndləmə başlanmalıdır. Vəziyyətdən çıxış yolu ancaq budur”.
496 dəfə oxundu