"Bu vəzifə mənə neçə illər əvvəl təklif olunmuşdu" - Azər Paşa Nemət
“Akademik Milli Dram Teatrının kollektivi mənə doğma və əziz kollektivdir. Bu kollektivə hər zaman hörmət etmişəm və bundan sonra da bu hörmət davam edəcək. Əvvəl planlar yox idi, mən azad idim. O azadlığım əlimdən çıxdı. Teatrla bağlı bundan sonrakı planlar təbii ki, var və kollektivlə birgə bu planları həyata keçirəcəyik”.
Bunu APA-ya açıqlamasında Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət deyib. A. Nemət qeyd edib ki, ona Akademik Milli Dram Teatrının direktorluğu illər əvvəl dəfələrlə təklif olunsa da, qəbul etməyib: “Mənə neçə illər əvvəl də direktorluq təklif olunub, amma möhkəm durmuşam, istəməmişəm. Həmişə çalışmışam ki, istədiyim vaxt tamaşa hazırlayım, istədiyim vaxt istirahət edim. Bunu yaşamışam, buna nail olmuşam. İndi birdən-birə bu yükün altına girmək əlbəttə, çətindir. İstəmirəm, teatrın kollektivinin bir qismi o biri qismi ilə yumşaq desək, xoşagəlməz münasibətdə olsun. Barış, sülh və sevgi istəyirəm. Teatrda yaradıcı proses davam edir, məşqlər aparılır və aktyorlar bir-biri ilə xoş münasibətdədir. Bu, belə də davam edəcək. Mənə olan inamına və dəstəyinə, Azərbaycan mədəniyyətinə böyük sevgisinə görə ölkə başçısı cənab İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə və məni kollektivə təqdim edən nazir müavini Ədalət Vəliyevə böyük təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, xalq artisti A. Nemət mədəniyyət və turizm naziri Ə. Qarayevin əmri ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru təyin olunub.
1086 dəfə oxundu