Bakcell şirkətinin Direktorlar Şurasına yeni təyinat
Bakcell şirkəti Salvador Anqladanın şirkətin Direktorlar Şurasına üzv təyin olunmasını elan edir.
Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir. O, peşəkar karyerası ərzində Avropada “Telefonica”, “O2” və “Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin “e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya xidməti göstərən “e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib.
Cənab Anqlada İspaniyanın “Instituto de Empresa” universitetində icraçı MBA (executive MBA) və “Madrid UPM" universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin “Singularity” Universitetində icraçı (executive) proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.
“Bakcell şirkəti davamlı olaraq öz fəaliyyət sahəsində ən üstün rəqəmsal biznes qurmağa çalışır. Buna görə də biz asan olmayan bu işə öz töhfəsini verə biləcək yüksək təcrübəli insanları şirkətimizə cəlb edirik. Biz Salvador Anqladanın “Bakcell”in Direktorlar Şurasının yeni üzvü təyin olunmasından məmnunuq. Azərbaycanda və daha geniş regionda innovasiyaların tətbiqi və rəqəmsal transformasiyanın həyata keçirilməsinə yönəlmiş fəaliyyətimizi davam etdirdiyimiz üçün onun telekommunikasiya və İT sənayesindəki böyük təcrübəsi bizim işimizə böyük dəyər qatacaq”, deyə Bakcell şirkətinin Direktorlar Şurasının sədri və “NEQSOL Holding”in telekom rəhbəri Vasil Latsaniç bildirib.
“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
NEQSOL Holding doqquz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
633 dəfə oxundu