“O yeniyetmə ruhi xəstə deyil” deyən baş həkim işdən çıxarıldı

“O yeniyetmə ruhi xəstə deyil” deyən baş həkim işdən çıxarıldı
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovon yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev daha əvvəl 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Bundan sonra məsələ ictimaiyyətin kəskin etirazı ilə daha da böyüyüb. Sosial şəbəkələrdə və mediada gedən müzakirələrdə əsas fikir yeniyetmənin əqli durumunun normal olduğu və onun məhz hər şeyin üstünü açdığı üçün cəza olaraq psixiatriya xəstəxanasına göndərilməsi istiqamətində olub. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov ötən gün verdiyi açıqlamada yeniyetmənin vəziyyətinin ruhi xəstəxanada saxlanılacaq qədər ciddi olmadığını, yüngül pozuntuların olduğunu və geri göndərməyə çalışıqlarını deyib.
“O yeniyetmə ruhi xəstə deyil. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən uşaq evi barəsində yanlış demişəm. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.
Ağahəsən Rəsulovon işdən çıxarılması barədə ilk məlumatı Bakıvaxtı.az yayıb.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə 3 saylı uşaq evi ilə bağlı iddiaların olduğu kadrlar yayılmışdı. Kadrlarda sözügedən yeniyetmə burada qanunsuzluqlar baş verdiyini iddia edirdi. Yeniyetmənin sözlərinə görə, uşaq evində onlara verilməli olan qidalar ya natamam verilir, ya da ümumiyyətlə verilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...