Gənclər Nazirliyində qocaman "qrantyeyənlər" var - Fuad Babayev kimdir?
Gənclər və İdman Nazirliyində vəzifəli şəxslərin qrant siyasəti tənqidlərə və ittihamların səslənməsinə səbəb olub. Artıq iqtidaryönlü gənclər təşkilatlarının sədrləri Nazirlikdə ayrı-ayrı şəxslərin qrant müsabiqələri ilə bağl yol verdikləri maxinasiyaları dilə gətirməyə başlayıblar. Belə məlum olur ki, GİN məmurları böyük bir qrant mafiyası formalaşdırıblar və gənclər siyasəti üzrə ayrılan vəsaitlər mənimsəmələrin qurbanı olur.
GUNDEMİNFO.AZ xəbər verir ki, TİA.Az-ın araşdırması nəticəsində yüksək qrant alan təşkilatların əksəriyyətinin fəaliyyətsiz olduğu, bəzilərinin isə qrantdan-qranta fəaliyyət göstərdikləri üzə çıxıb. Məsələn, “Gənc Psixoloqlar” İctimai Birliyinin bu günə qədər külli miqdarda qrant layihələri aldığı, lakin heç bir effektiv iş görmədiyi aydınlaşıb. Həmçinin, “Gənclər İntellektual” İB, “Dünya Azərbaycan Gənclər Beynəlxalq Həmrəylik” İB və “Fəal Gənclər” İB, “Yeni Yol Maarifləndirməsi” İB və digərlərinə yüksək məbləğlərdə qrantlar ayrılıb. Amma indiyədək hər hansı fəaliyyətləri diqqət çəkməyib. Ən yaxşı halda kosmetik tədbirlər keçirməklə qrantları mənimsəyiblər.
Gənclərin İnkişaf Mərkəzin rəhbəri Kamil Həmidov da sosial media hesabında tənqidlərini bölüşüb. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi yenə bizi görməzlikdən gəlir: “Davamlı olaraq 2018-ci ildən bəri hər həftə dayanmadan qrant, gəlir niyyəti güdmədən, məkanı dost obyektlərdən, proyektoru digərlərindən, kofe breyk üçün ləvazimatları imkanlı dost təşkilatlardan alaraq gənclərə töhfə veririk, nazirlik bizi görmür. Kimi görür, şou-biznes ulduzlarını xatırladan təşkilatları.
Rayonlarda kitabxanası olmayan, ömründə kitaba toxunmayan, kitab qoxusunun nə olduğunu bilməyən saysız-hesabsız gənclərə kitab oxutmağın, maarifləndirməyin nə olduğunun, necə çətin olduğunun fərqindəsinizmi?
2003-cü ilin dekabrında ümummilli lider mərhum Heydər Əliyevin vəfatı ilə əlaqədar NAYORA-da keçirilən iclasda adın əbədiləşdirilməsi ilə bağlı Heydər Əliyev adına Fondun yaradılması təşəbbüsünü irəli sürmüşdük. İndiki əməkdaşlarınızın bir xeyli hissəsi orda iştirak ediridi. Cənab Fuad Muradovun rəhbərliyi dövrü idi. O zaman Azərbaycanda milli donor olmadığından Amerika prezidentlərinin adına olan fondların analoqları variantı təklifini verdik, daha yüksək mərhələlərdə təklif səsləndirilsin.
Fuad Babayev siz ki, o zaman orada iştirak edirdiz. Bəs indi niyə bizi görmürsüz. 4-ildir sərasər hər həftə Don Kixot kimi qolumuzu çırmalayıb kitabdan uzaq millətin gənclərinə Kitabla Terapiya layihəsini heç kim görməsə də siz ki görmək zorundasız. Monitorinq edərək görmək, dəyərləndirmək və dəstəkləmək istənilən dövlətlərdə məgər istənilən nazirliyin əsas funksiyaları deyilmi? Məhz bu funksiyaların işləkliyi sayəsində də o sahə üzrə cənab prezidentin admnistrasiyası tərəfindən siyasi proqram (Gənclər Siyasəti proqramı) hazırlanır”.
K.Həmidov deyib ki, görməyin, dəstəkləməyin, eybi yoxdur, amma biz dəstəkləyəcəyik: “Dövlətimizi, ordumuzu, prezidentimizi, gənclərimizin inkişafını”.
TİA.Az xəbər verir ki, K.Həmidovun adını çəkdiyi Fuad Babayev isə Nazirlikdə qrant müsabiqələrinin monopolistidir. K.Həmidovun tənqid etdiyi Fuad Babayev vəzifəsindən azad olunan İntiqam Babayevin komandasında yer alan və adı bir sıra qalmaqallarda, maxinasiyalarda hallanan şəxlərdəndir.
Onun ünvanına indiyədək yaxın ətrafının adına təşkilatlar yaradaraq külli-miqdarda qrant mənimsəmə, gənclər üçün nəzərdə tutulan dövlət mükafatlarının ədalətsiz bölgüsü kimi mövzularda ağır ittihamlar səslənib.
İntiqam Babayevin vəzifədən gedişindən sonra Fuad Babayevin də postu ilə vidalaşacağı gözlənilsə də, əksi baş verdi. İctimaiyyətə bəlli olmayan səbəblərdən şöbə müdiri təyin edilib.
Həmçinin, iqtidaryönlü “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı da qrant siyasətini sərt ittiham edib. Ehtimal olunur ki, bu ittihamlar Gənclər və İdman Nazirliyinə yönəlib.
Çünki F.Şahbazlı bu ittihamları Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsinin nəticələrini açıqlandığı gün səsləndirib.
Sitat: “Müxtəlif qrant müsabiqələri çərçivəsində QHT-lərə qrant ayrılarkən görəsən onların fəaliyyət sferalarına, nizamnamələrinə, bundan əvvəl icra etdiyi layihələrə, heç olmasa təşkilatın adına diqqət edilir, araşdırılırmı?! Buna ciddi şübhəm var.
Yoxsa, məsələn “Azərbaycan- X ölkə Gəncləri” İctimai Birliyinə niyə kompyuter biliklərinin tədrisi, məşğulluq problemlərinin həlli, ətraf mühitin mühafizəsi kimi mövzularda qrant verilsin ki?!
Bu formada necə müəyyən olunmuş hədəflərə, layihənin məqsədlərinə çatmaq olar?! Axı bu atamızın, babamızın pulu deyil. Bütün xalqın payı olar büdcə vəsaitidir”.
Qeyd edək ki, bundan öncə də F.Şahbazlı Nazirliyin bır sıra vəzifəli şəxslərini tənqid atəşinə tutmuşdu.
1014 dəfə oxundu