Göyçay Peşə Liseyində qanunsuzluq və saxtakarlıq iddiaları: Məktəb həyətində dua-cadu və televiziya şousu

İddialara görə, Bahar Bədəlova və onun ətrafı məktəbin həyətinə dua-cadu basdıraraq bu hadisəni bir il öncə İctimai Televiziya vasitəsilə ictimailəşdiriblər. Hadisənin ardından liseyin bir müavini və baş mühasibi vəzifədən uzaqlaşdırılıb. Lakin bu hadisələrdən sonra da qeyri-qanuni fəaliyyətlərin davam etdiyi bildirilir.
Bahar Bədəlovanın rəhbərliyi altında 77 nəfər tələbənin "davamiyyətsizlik" səbəbilə liseydən xaric edilməsi ciddi narazılığa səbəb olub. İddialara görə, bu tələbələrin böyük əksəriyyəti qanunsuz şəkildə, subyektiv yanaşma ilə məktəbdən uzaqlaşdırılıb.
Mənbələrin bildirdiyinə görə, Bahar Bədəlova il ərzində həm ödənişli, həm də dövlət sifarişli qruplarda dərsə davamiyyətsizlik hallarına bilərəkdən göz yummuş, nəticədə bu qruplarda təhsilin keyfiyyəti ciddi zərbə alıb. O, Peşə Təhsili üzrə Dövlət Agentliyinə saxta hesabat təqdim edib: dərzi ixtisasında təhsil alan bir tələbə, guya ödənişli əməliyyatçı-mühasib qrupunun üzvü kimi sənədlərdə göstərilərək saxta istehsalat təcrübəsi hesabatı verilib.
Paylaşılan fotoda sağdan ikinci tələbənin əslində xalçaçılıq ixtisası üzrə təhsil aldığı, lakin ödənişli qrupun üzvü kimi təqdim edildiyi bildirilir. Bu paylaşımın Bahar Bədəlova tərəfindən sonradan silindiyi də əlavə olunub – səbəbi isə qanunsuzluğun üzə çıxması qorxusudur.
Kargüzarlıq qrupunda təhsil alan Məftulə Fətullayevanın nişanlısı liseyin tələbəsi olmadığı halda dərslərdə iştirak edib, sinif daxilində və açıq şəkildə tədris qaydalarına zidd davranışlara yol verib. Bu vəziyyətə isə Bahar Bədəlovanın səssiz qaldığı bildirilir.
Liseydə təhsil alan tələbələr arasında zorakılıq və cinayət tərkibli hadisələrin də baş verdiyi vurğulanır. Fermer qrupunun bir tələbəsi həmyaşıdı tərəfindən döyülərək pul tələb olunub, avtomobil təmiri üzrə təhsil alan başqa bir tələbə isə qrup yoldaşının telefonunu oğurlayıb satıb. Valideynlərin liseyə hücum çəkdiyi də qeyd edilir.
Bakunews.az saytının qaynar xəttinə bu barədə yayımlanan ilk paylaşımın ardından daxil olan əlavə məlumatlarda qeyd olunur ki, Göyçay Peşə Liseyində baş verən qanunsuzluqlar sadalananlarla məhdudlaşmır.
Saytın əldə etdiyi mənbələr bildirir ki, məktəbdə sistematik şəkildə qeyri-rəsmi ödənişlər yığılır, bəzi tələbələrdən formal şəkildə “tədrisə davam” adı altında pul alınaraq onların dərsə gəlməməsinə göz yumulur. Bu praktika xüsusilə ödənişli qruplar arasında geniş yayılıb.
Daha bir iddia isə müəllim heyətinə təzyiqlərlə bağlıdır. Bahar Bədəlova və yaxın çevrəsi ilə razılaşmayan müəllimlərə psixoloji təzyiqlər göstərilir, onlar ya işdən getməyə məcbur edilir, ya da əsasız şəkildə “intizam tədbirləri” ilə hədələnirlər.
Bakunews.az-ın redaksiyasına daxil olan anonim şikayətlərdə bir neçə valideynin də bu vəziyyətdən narazı qaldığı, lakin övladlarının təhsilinə zərər gəlməsin deyə açıq şəkildə şikayət etməyə çəkinməsi də vurğulanır.
Göyçay Peşə Liseyində baş verən bu iddialar təhsil mühitində şəffaflıq və məsuliyyət prinsiplərinin pozulduğunu göstərir. Bu kimi hallar yalnız tədris prosesinə zərər vurmaqla qalmır, həm də gənclərin gələcəyinə mənfi təsir göstərir.
Aidiyyəti dövlət qurumları və Peşə Təhsili üzrə Dövlət Agentliyi bu iddiaları dərhal araşdırmalı, şəffaf və obyektiv nəticələr ictimaiyyətlə paylaşılmalıdır. Təhsil ocaqları kommersiya maraqlarının deyil, maarifçilik və milli inkişafın dayağı olmalıdır.güman edirik ki, aidiyyatı qurumlar bizə bununla bağlı məlumat verəcək və nə qədər cəmiyyətə açıq olduqların nümayiş etdirəcəklər.
BAKUNEws.az
89 dəfə oxundu