Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”

Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir:
Nəsimi rayonu Novruzov qardaşları küçəsinin bir qrup sakini yaşadıqları ərazidə yaranmış dözülməz vəziyyətlə bağlı ölkə rəhbərliyinə və müvafiq qurumlara müraciət edib.

Sakinlərin sözlərinə görə, “Papanin” deyilən ərazidə “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir: “Şirkət yaşadığımız ərazini xarabalığa çevirib. Yollar dağıdılıb, keçilməz vəziyyət yaranıb. Sakinlərin maşınları bu vəziyyətdə hər gün sıradan çıxır. Şirkətin insanların yaşadığı evlərə bitişik qazdığı böyük xəndək sakinlər və avtomobillər üçün dəhşətli təhlükə törədir. Hər gün bu ərazidən onlarla insan, uşaq keçir. Hamının həyatı təhlükədədir. Bir neçə dəfə ərazidən keçən maşınlar xəndəyə düşməkdən son anda qurtulublar”.

Sakinlər qeyd edir ki, onların həyatı və əmlakları təhlükədədir: “Pilot-16” müəyyən evləri sökərək ərazini xarabalığa çevirib. Bu evlərin yerini gecə saatlarında əyyaşlar və digər pis vərdişi olan şəxslər özünə məkan seçib. Övladlarımız, əmlaklarımız təhlükə altındadır. Bir neçə dəfə oğurluq halları baş verib. Evimizin pəncərəsinə bitişik həyətdən hər gün qorxulu səslər gəlir, nə baş verdiyini bilmirik. Şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti-söküntü işlərini davam etdirir. Yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir. Pilot-16” MMC və onun direktoru Aslan Quliyev yaxın günlərdə evimizə bitişik həyətə ağır texnika yeritməyə və söküntü işləri aparmağa hazırlaşır. Bu baş verərsə, evimizin divarı üstümüzə uçacaq. Ən yaxşı halda isə evimizi çirkli qrunt suları basacaq. Aslan Quliyev bu formada fəaliyyəti dəfələrlə müxtəlif qonşulara qarşı tətbiq edib. O, ağır texnikanı əraziyə yeritmək və guya təsadüfən toxunmaqla əslində qəsdən evimizi dağıtmağa çalışır. Bu baş verərsə uçan divarın altında qalan ailəmiz fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir. Məqsəd nə olursa olsun, zorla bizi yeganə ata-baba yurdumuzdan çıxarmaqdır. Özləri hər gün fərqli bahalı maşınlarda əraziyə gəlir, bizə göz dağı verirlər. Bu qədər vəsaiti hansı yolla, hansı imkanlarla əldə ediblər, bizə bəlli deyil. Biz isə üfunət içində, ölmək təhlükəsi ilə yaşayırıq. Buna baxmayaraq, şirkət bizi ədalətsiz formada şəhərin mərkəzindəki evimizdən didərgin salmaq istəyir”.

Sakinlər qeyd edir ki, vətəndaşları zorla evlərindən çıxarmaq istəyən şirkət bundan əvvəl ərazindən köçürdüyü sakinlərə qarşı tələ qurub: “Çox sayda sakinin kirayə pulları aylardır verilmir. Bu məqsədli formada edilir. Sakinlər məcbur edilir ki, onlara tikilən binadan vəd edilən evləri ucuz qiymətə şirkətə qaytarsınlar. Onlar isə bunu bahalı qiymətə satsınlar. Belə bir şirkətə necə inanmaq olar?”.

Sakinlər qeyd edir ki, “Pilot-16” şirkətinin qanunsuzluğunun kökündə Nəsimi rayon İcra Hakimiyyətinin vətəndaşlara olan hörmətsiz münasibəti durur: “Dəfələrlə “Pilot-16” şirkətinin özbaşınalığı ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişik. Ancaq formal da olsa icra hakimiyyətindən bir nəfər belə bizimlə görüşüb dinləməyib. Əvvəllər köhnə başçı, indiki deputat Asif Əsgərov, indi isə İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev şirkətə himayədarlıq edir. Vətəndaşları dinləyən, görüşən yoxdur. Əksinə bizim ölkə rəhbərliyinə etdiyimiz müraciətlərə Asif Əsgərov, Ramiz Quliyev yalan, saxta cavablar verməklə, dövləti aldadır. Ona görə, “Pilot-16”-nın rəsmi direktoru Aslan Quliyev və faktiki sahibi Vüqar Qasımov bizə divan tutur”.

Sakinlər qeyd edir ki, onlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyinə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi müraciət ediblər: “Bizim bütün dünyanın heyran qaldığı İlham Əliyev kimi dahi liderimiz var. Cənab Prezident hər zaman məmurlara, sahibkarlara xalqa xidmət etməyi tapşırıb. Əminik ki, Cənab Prezident “Pilot-16” MMC-nin özbaşınalığına son qoyacaq”.

Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımovdur.

Editor.az iddialarla “Pilot 16” MMC-nin faktiki sahibi Vüqar Qasımovla dəfələrlə əlaqə saxlamağa çalışsa da, bu şəxsin telefonu bağlı olub.

Şirkətin də mövqeyini dərc edə bilərik.

VİDEO BURADA

//Editor.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...