Ermənilərin dağıtdığı Kəlbəcəri Mahir Abbaszadə də milyonlara sökdürür – Həmkarının əli ilə

Ermənilərin dağıtdığı Kəlbəcəri Mahir Abbaszadə də milyonlara sökdürür –
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Kəlbəcər rayonu 487 ailəlik (birinci mərhələdə -350 ailəlik) Zallar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə 02.11.2023-cü il tarixdə başlanılmış açıq tender müsabiqəsi tamamlanıb və “AMAZONE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 353.581,42 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Fond bu barədə məlumatı dövlət satınalmalarının vahid internet portalında 11.12.2023-cü il tarixdə açıqlama verib.

Elə həmin gün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə -547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə də 02.11.2023-cü il tarixdə başlanılmış açıq tender müsabiqəsi tamamladığını açıqlayıb və “AMAZONE” MMC ilə 900.050,07 manat məbləğində daha bir satınalma müqaviləsi bağlamağı planlaşdırdığını elan edib.

Qeyd edək ki, bir həftə əvvəl, daha doğrusu 06.12.2023-cü il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 02.11.2023 -cü il tarixdə başlanılmış daha bir açıq tender müsabiqəsinin tamamlandığı açıqlanıb. Kəlbəcər rayonu 421 ailəlik (birinci mərhələdə -218 ailəlik) Yanşaq kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə başlanılmış bu açıq tenderi də “AMAZONE” MMC udub və tərəflər arasında 189.702,03 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan göründüyü kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bir həftə ərzində “AMAZONE” Məhdud Məsuliyyətli Cəmiyyətini üç açıq tenderin qalibi seçib və ümumi olaraq 1 443 333 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Açıq elektron axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı “AMAZONE” MMC-nin fəaliyyət sferası barədə heç bir məlumata rast gəlmədik. Bir həftəyə 1,5 milyon manat dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız da nəticə vermədi. MMC-nin nə qədər işçisi olması, bu kimi böyük həcmli söküntü işlərinin həyata keçirilməsi üçün işçi qüvvəsinin, texniki vasitələrinin olub, olmaması sual altındadır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AMAZONE” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.04.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100 manat olan MMC-nin hüquqi ünvanının dövlət qeydiyyatına alındığı vaxt BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SALATIN ƏSGƏROVA, ev 195, mənzil 2/3, daha sonra isə NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV ev.82″C” olduğu qeyd olunur. MMC-nin qanuni təmsilçisinin isə Şükürov Əbülfət Tapdıq oğlu olduğu göstərilir.

Apardığımız daha ətraflı araşdırmlar zamanı məlum oldu ki, “AMAZONE” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub. Cəmi 100 manat nizamnamə kapıtalı olan MMC-yə 2017-ci ilə qədər də Anar Məmmədov rəhbərlik edib. Ondan sonra MMC-yə Aşırov Məsud Mühid oğlu, İslamov Sahib Heybət oğlu Süleymanova Aynur Vəli qızı, Bayramov Nəriman Dilcan oğlu kimi şəxslər rəhbərlik etməyə başlayıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında sözügedən MMC-nin Məmmədov Anar İlyaz oğlu tərəfindən təsis edildiyi göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi kimi Şükürov Əbülfət Tapdıq oğlu göstərilsə də çox güman ki, Anar Məmmədov təsisçilik hüququnu özündə saxlayır.

Qeyd edək ki, Anar Məmmədov 2020-ci il 9 fevral tarixində keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib. 1984-cü ildə Bakı şəhərində doğulan A.Məmmədov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil alıb. O, Ziya Məmmədovun nəqliyyat naziri olduğu illərdə (2006-2009) Bakı şəhər Nəqliyyat Departamentində bölmə rəisi işləyib. Elektron mediada yayılan məlumatlara görə sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan, adı mediada daha çox qalmaqallı layihələrdə hallanan Qulam Ələkbərovun kürəkənidi.Qulam Ələkbərov həm də “AQ İnşaatçı Servis” MMC-nin sahibidir. Mediada yayılan məlumatlara görə Anar Məmmədovun ailə üzvlərinin adına Ukraynada da bir neçə şirkət fəaliyyət göstərir.

Məlum olduğu kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də deputatdı. Bu vəzifəyə o 14 noyabr 2018-ci il tarixdə təyin edilib. Elektron media resurslarında onun da geniş biznes şəbəkəsinin olduğu yazılır və məcburi köçkünlər üçün şəhərciklərin, qəsəbələrin tikintisinə Fondun ayırdığı yüz milyonları şəxsi şirkətlərinə, tanışlarına məxsus şirkətlərə verib, milyonlarla “otkat” götür, qonşu ölkədə biznesini inkişaf etdirir. Onun da Gürcüstanda biznesinin olduğu iddia edilir. Göründüyü kimi ermənilərin dağıtdığı Kəlbəcəri Mahir Abbaszadə də pulnan sökür. Deputat həmkarı Anar Məmmədovun əli ilə.



Aktualinfo.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...