Vasif Talıbovun oğlu və qudası deputat mandatını itirə bilər

Vasif Talıbovun oğlu və qudası deputat mandatını itirə bilər
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun işdən çıxarılan qudası Bəhruz Əzimov həm də deputatdır.

Qaynarinfo xəbər verir ki, o, 33 saylı Naxçıvan şəhər seçki dairəsindən Muxtar Respublikanın Ali Məclisinə deputat seçilib. Bəhruz Əzimov Ali Məclisin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru vəzifəsindən çıxarılan Bəhruz Əzimov Vasif Talıbovun böyük oğlu Rza Talıbovun qayınatasıdır. Rza Talıbov Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır. General-mayor rütbəsi daşıyır.

İddia olunur ki, Bəhruz Əzimovun işdən çıxarılması onun Ali Məclisdəki yerini laxladacaq.

Məsələ burasındadır ki, Bəhruz Əzimovun işdən çıxarılması təkcə Vasif Talıbovun qudası olması ilə bağlı deyil. Hələ bir müddət əvvəl onun direktoru olduğu müəssisədə yoxlamaların aparıldığı barədə məlumat yayılmışdı. İddialara görə, Əzimovun işdən çıxarılması da bu yoxlamalarla əlaqədardır. Yoxlamaların nəticələri ürəkaçan olmayıb. Bəhruz Əzimovun fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb və onun işdən çıxarılmasına qərar verilib. Beləliklə, Bəhruz Əzimovun məhz Vasif Talıbovun güdazına getdiyini söyləmək doğru olmazdı.

Bəhruz Əzimovun fəaliyyətində ciddi nöqsanlar aşkarlanması onu Ali Məclisdə də arzuolunmaz şəxsə çevirə bilər. Bu baxımdan, yaxın vaxtlarda onun mandatı ləğv edilə bilər.

İddialara görə, bu dalğada Vasif Talıbovun digər oğlu Seymur Talıbov da mandatını itirə bilər.

Məlumat üçün deyək ki, Seymur Talıbov 25 saylı Naxçıvan şəhər seçki dairəsindən Ali Məclisin deputat seçilib. O da İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Vasif Talıbov işdən çıxarılana qədər Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsi tuturdu. Vasif Talıbov istefaya göndəriləndən bir müddət sonra Seymur Talıbov prorektor vəzifəsi ilə vidalaşmalı oldu.

Seymur Talıbov həm də 15 yaşında Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olması ilə gündəmə gəlmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...