Eldar Həsənov DTX-nin təcridxanasında qalmaq istədi

Eldar Həsənov DTX-nin təcridxanasında qalmaq istədi
Azərbaycanın sabiq baş prokuroru və keçmiş səfir Eldar Həsənov vəkili vasitəsilə ictimaiyyətə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Həsənovun vəkili Adil İsmayılov bildirib ki, müvəkkili ilə bağlı cinayət işi ayrıca icraata götürülərək istintaqın aparılması Baş Prokurorluğa həvalə edilsə də, Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nin İstintaq təcridxanasında saxlanılır: “Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək, xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim.

Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər. O, az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir. Eldar Həsənov elan edilmiş ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir. Onun şəxsiyyətini xarakterizə edən halları, 65 yaşının olmasını, səhhətində olan problemləri, o cümlədən infeksiyaya yoluxma riskini nəzərə alaraq, müdafiə tərəfi onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət etmək niyyətindədir”.

Qeyd edək ki, Serbiya, Monteneqroda və Bosniya Herseqovinada fövqəladə və səlahiyyətli səfir olan E.Həsənov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...