Dekanı öldürən daha bir həkim məhkum edildi

Dekanı öldürən daha bir həkim məhkum edildi


Bakı Şəhər Baş Polis İdarəsi tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölüm işi ilə bağlı cərrahiyyə əməliyyatında assistent kimi iştirak edən İdrisov Fərəcullah Sədullah oğlu barəsində apardığı istintaqı yekunlaşdırıb. Bu barədə axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Səməd Vəkilov məlumat verib. S.Vəkilovun sözlərinə görə, qərara əsasən, toplanmış sübutlarla Fərəcullah İdrisovun cinayəti törətdiyi təsdiqini tapıb:

"Bakı Şəhər Baş Polis İdarəsinin mühüm işlər üzrə müstəntiqi, polis polkovnik-leytenantı Vüqar İsmayılovun apardığı istintaq işi başa çatıb və ötən gün qərarı bizə təqdim etdilər. Bakı BPİ və Baş Prokurorluq əməliyyatçılarının apardığı araşdırmalardan sonra Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunun ümumi cərrahiyyə şöbəsinin əməkdaşı Fərəcullah İdrisovun əməliyyatın keçirilməsində şəxsi tamah məqsədi ilə dələduzluğa cəhd əməlini törətməsi sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 29.178.1 maddəsi ilə məsuliyyətə cəlb edilib.

Ancaq qanunvericiliyə görə, az ağır cinayət əməli törədən şəxs hadisədən iki il keçdikdən sonra CM-də nəzərdə tutulan maddənin cəza hissəsindən azad edilir. Buna görə də CM-in 75.1.1 maddəsinə əsaslanan istintaq CM-in 29.178.1-ci maddəsi ilə cinayəti sübuta yetirilən F.İdrisovun cəzadan azad olunması və işin xətmi barədə qərar çıxarıb".

Vəkil, həmçinin qeyd edib ki, qanunvericiliyə uyğun olaraq, cəzadan azad edilməsinə baxmayaraq, F.İdrisov cinayət əməlini törədən şəxs olaraq məhkum sayılır.

Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.

Bakı Prokurorluğu əməliyyatda iştirak edən həkimlərdən biri - anestezioloq Firuz İbrahimov barəsində CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə cinayət işi açıb. Bakı Apelyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə sözügedən maddələrlə təqsirli bilinən F.İbrahimov 2,5 il müddətinə həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.

İstintaqı aparan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Vaqif Süleymanov paralel olaraq F.İdrisova CM-in 29.178.1-ci maddəsi ilə cinayət işi açaraq, araşdırılması üçün 2014-cü ildə Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə göndərmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...