Sümbülə Əliyeva haqda qiyabi həbs qərarı çıxarıldı

Sümbülə Əliyeva haqda qiyabi həbs qərarı çıxarıldı
200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva barəsində həbsli axtarış qərarı çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mahmud Ağalarovun icraatında araşdırılır.

Təqsirləndirilən vəkil 1 ildir məhkəmə proseslərinə gəlmir. Onun haqda ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb.

Hakim qeyd olunan halları nəzərə alaraq çağırışlarına gəlməyən müttəhim haqda qiyabi həbs qərarı verib.

Qeyd edək ki, S. Əliyeva 1 saylı hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan 200 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Lakin ibtidai və məhkəmə istintaqı dövründə həbsdə mühakimə edilməsinə zərurət görülməyib.

Cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşan ərəfədə vəkil istintaqdan yayınıb.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
368 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...