Generalın məhkəməsində şahid: "Rafael Xələfov şeytanın yer üzündəki timsalıdır"
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə müxtəlif hərbi hissələrin maliyyə xidmət rəisləri, xidmət rəislərinin köməkçiləri ifadə veriblər.
Şahid qismində ifadə verən Namiq Mirzəyev bildirib ki, iki hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, hərbi hissələrə ayrılan pullar onun tərəfindən hesabdan çıxarılıb və nağdlaşdırılıb. Prokurorun suallarını cavablandıran şahid deyib ki, maliyyə xidməti rəisi olduğu hərbi hissələrdən birində 1 milyon 469 min 589 manat mənimsəmə faktı müəyyən edilib. O bildirib ki, 2021-ci ildə 440 min manat Emin Poladova verib:
"Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı onun tərəfindən 560 min manat dövlətə ziyan vurulduğu müəyyən edilib. Həmin məbləğdən dövlətə 230 min manatı ödəyib. Hazırda 330 min manat ziyan qalıb. Ən qısa zamanda bu məbləği ödəyəcəm”.
Digər şahid Elmir Qədirovun sözlərinə görə, onun tərəfindən 500 min manat mənimsənilməsi barədə Maliyyə Nazirliyinin yoxlamalarından sonra akt tərtib edilib. Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda şəxsən iştirak edib və yazılan aktla razılaşıb.
Elmir Qədirov qeyd edib ki, Rövşən Əliyev maliyyə hesabatlarına əlavə vəsaitlərin yazılması barədə ona göstəriş verib: "Mən də göstəriş əsasında maliyyə hesabatlarına əlavə vəsaitlər yazmışam. Şişirdilmiş rəqəmlər nəticəsində əldə olunan vəsaitin 30 faizi mənə çatıb. Qalan hissəsini isə rəisə çatdırmışam”.
Şahid bildirib ki, onun tərəfindən vurulan ziyanın 86 min 500 manatını ödəyib. O, əlavə edib ki, təqsirləndirilən Bayram Bayramovdan heç bir göstəriş almayıb: "Mən tapşırıqları korpusların maliyyə xidmətlərinin rəislərindən almışam. Vəsaitlərin 70 faizi isə həmin rəislərə çatdırılıb”.
Daha sonra hakim Elmir Qədirovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissəsini açıqlayıb. Həmin ifadədən məlum olur ki, bəzi sənədləşmələrlə bağlı Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik Rafael Xələfovun göstərişlərini icra ediblər.
Şahid isə məhkəmədə deyib ki, o, ordu korpusunun maliyyə xidmət rəislərinin göstərişlərini icra edib. Onun sözlərinə görə, Nizami Məmmədov və Rafael Xələfovdan heç bir göstəriş almayıb.
Daha sonra ifadə verən Elşən Salamov bildirib ki, maliyyə xidməti rəisi olduğu hərbi hissədə 2 milyon 200 min manat maliyyə sifarişi alıb. Bundan sonra hərbi hissədə nazirlik tərəfindən hərbi hissədə maliyyə təftişi aparılıb:
"Birinci dəfə aparılan yoxlama zamanı Rövşən Əliyevə 300 min manat verdim. İkinci dəfə aparılan yoxlamalardan sonra Sadıq Sadıqova 850 min manat vermişəm. Qalan məbləğ isə mənim özümə qalıb. Mənim tərəfimdən 1 milyon 460 min manat ziyan vurulduğu müəyyən edilib. Bunun 260 min manatını ödəmişəm. Qalan pulu da qısa zamanda ödəyəcəm”.
Dövlət Təhlükəsizliyi Xidmətində şahid Elşən Salamovla Cəlal Kazımovun arasında üzləşmə aparıldığı məhkəmədə açıqlanıb. Həmin üzləşmə zamanı Elşən Salamov Cəlal Kazımova 76 min manat vəsait verdiyini deyib. Cəlal Kazımov isə bunun həqiqət olmadığını bildirib.
Daha sonra vəkillərin suallarını cavablandıran Elşən Salamov Rafael Xələfovla düşmənçiliyi olduğunu deyib: "Mənim Rafael Xələfovla aram olmayıb. Rafael Xələfov şeytanın yer üzündəki timsalıdır. Mənim Rafael Xələfovla həm iş həyatımda, həm də şəxsi həyatımda düşmənçiliyim olub. Rafael Xələfov işləri Nizami Məmmədova düzgün məruzə etməyib. Bununla bağlı Nizami Məmmədovun qəbuluna getsəm də, onunla görüşməyimə Rafael Xələfov imkan verməyib”.
Daha sonra ifadə verən Zaur İsmiyev deyib ki, ayrı-ayrı vaxtlarda üç hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissələrdən birində 1 milyon 800 min manat mənimsəmə faktı müəyyən edilib. Onun sözlərinə görə, onun tərəfindən ümumilikdə 600 min manat ziyan müəyyən edilib və həmin ziyanın da 168 min manatı ödənilib.
Ətraflı
Daha sonra prosesdə - hərbi hissələrin maliyyə xidmətinin rəisləri – Kərəm Xəlilov, Elşad Əkbərov, Yaşar Nəcəfov, Cavid Həsənov, Ramin Qaraxanov, Elmir Cəfərov, Cavid Eyvazov, Əli Hümbətzadə, Qurban Qovcayev ifadə veriblər. Onlar da işlədiyi hərbi hissələrdə baş verən mənimsəmə faktlarından danışıblar. Onların da hər biri mənimsəmə faktları ilə bağlı müxtəlif məbləğlərdə dövlət büdcəsindən ayrılan pulları mənimsəmələri müəyyən edilib. Onların hər biri ifadələrində dəymiş ziyanın bir qisminin ödəniş etdiklərini bildiriblər. Onlar qalan məbləğləri də ödəyəcəklərini söyləyiblər.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, onlar heç kimin həbs olunmasını istəmirlər:
"Amma burada bir haqsızlıq var. Elə maliyyə xidmətinin rəisi var ki, milyondan çox vəsait mənimsəyib, ödəniş etməyib. Amma onun barəsində bir tədbir görülməyib. Amma Vüsal Əlizadə ilə bağlı ittihamda 800 min manat mənimsə faktı müəyyən edilib. Həmin vəsaitdə Vüsal Əlizadə tərəfindən tam ödənilib. Buna baxmayaraq onun barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar necə müəyyən edilib, bizə məlum deyil”.
Bundan sonra Müdafiə Nazirliyinin işlər idarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik İlqar Məmmədov ifadə verib. O bildirib ki, 2015-2020-ci illərdə hər ayın sonunda maliyyə sifarişlərini təsdiqləyiblər:
"Bu işlərlə rəhbərlik etdiyim idarənin maliyyə xidmətinin rəisi məşğul olub. Yalnız mən sənədlərə imza etmişəm. Sənədlərdən də görünür ki, bu vəsaitlər hər ay müxtəlif məbləğlərdə olub. Bundan başqa, qonaqlar olub, onları qarşılamaq üçün, hədiyyələr almaq üçün maliyyə lazım olub. Biz də bununla bağlı Nizami Məmmədova müraciət etmişik. Nizami Məmmədov da maliyyə olmasa, bir şey fikirləşəcəyini söyləyib. Çünki elə vaxt olub ki, gecəyarısı Nizami Məmmədova müraciət etmişik. Amma vəsait ayrılıb. Bunun hansı vəsait olduğunu bilməmişəm. Bu işlərlə bağlı nazirin, baş qərargah rəisinin göstərişi ilə Nizami Məmmədova müraciət etmişəm”.
Daha sonra şahidin istintaqa verdiyi ifadəsindən bir hissə elan olunub. Həmin ifadədən məlum olub ki, 2016-2020-ci illərdə onun əməkhaqqı kartına 20 min 200 manat əlavə ödəniş edilib. Şahid isə bildirib ki, bu texniki səhv olub, o da həmin vəsaiti geri qaytarıb. Bildirib ki, bu illər ərzində ona məzuniyyət, xidməti işlərlə bağlı ödənişlər olunarkən bu məbləğ səhvən köçürülüb".
Suallara cavab verən şahid qeyd edib ki, onun idarəsi birbaşa nazirə tabe olub:
"Göstərişləri cənab nazirdən almışam. Bəzən Baş Qərargah rəisi də tapşırıqlar verib. Lakin qonaqlar gələndə, qiymətli hədiyyə alında nazir göstəriş vermişdi ki, maliyyə ayrılması ilə bağlı Nizami Məmmədova deyim. Nizami Məmmədov gecə-gündüz fərqi yoxdur ki, nəsə deyəndə hər zaman vaxtında həll edib".
Şahidin sözlərinə münasibət bildirən Nizami Məmmədov deyib ki, onun idarəsi də birbaşa nazirə tabe olub:
"Bütün tapşırıqları nazirdən almışam. Bəzi təxirəsalınmaz ödənişləri də həmin pullar hesabına həll etmişik".
Növbəti proses dekabrın 22-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
629 dəfə oxundu