Baş Prokurorluq AzTV-nin yaydığı məlumatı yalanladı

Baş Prokurorluq AzTV-nin yaydığı məlumatı yalanladı
Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası (AzTV) bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxsin edam cəzasına məhkum edilməsi barədə məlumat yayıb.

Guneminfo.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təkzib edib.

“Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılmışdır. Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.

Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.

Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcəkdir”, - Baş Prokurorluğun məlumatında deyilir.

Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən 50 yaşlı İran vətəndaşı Yasin Hüseynzadə təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...