Bu idarənin sabiq rəisləri barədə cinayət işi başlandı - 1 milyonluq mənimsəmə

Bu idarənin sabiq rəisləri barədə cinayət işi başlandı -

Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşların qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Baş prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ibtidai istintaqla qeyd edilən şəxslərin qabaqcadan əlbir olaraq iş yoldaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin köməkçiliyi ilə həmin İdarədə formal olaraq işçi kimi rəsmiləşdirdikləri çoxsaylı şəxslərin əməkhaqqı kartlarını götürərək maddi yardım, əməkhaqqı və nəqliyyat vasitələrinə ayrılan yanacaqla bağlı kartlara köçürülmüş ümumilikdə 1 milyon 830 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ağabəy Ağayev və Mahir Əliyevin cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özləri və qohumlarının adına müxtəlif əqdlər bağlamaqla Bakı şəhəri və Masallı rayonunda çoxsaylı daşınar və daşınmaz əmlaklar alaraq leqallaşdırmaları, eləcə də, Ağabəy Ağayevin ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alması ibtidai istintaq zamanı sübuta yetirilib.
Ətraflı

Toplanmış sübutlar əsasında Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci, Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəlləsinin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələrilə ittiham elan edilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslər və onların ailə üzvlərinə məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...